Prezident: Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından da danışıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu il beynəlxalq arenada mövqelərimizin daha da möhkəmləndiyini vurğulayıb. “Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq”, - deyən Prezident qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Dövlətimizin başçısı vurğulayıb ki, xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.
Prezident İlham Əliyev deyib: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir”.