Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev etimadnaməsini bu ölkənin Prezidenti Emanuel Makrona təqdim edib.
AZƏRTAC xəbər ki, Fransa Prezidenti səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Səfir R.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Emanuel Makrona çatdırıb.
İkitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirən Fransa Prezidenti münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. O, xoş arzularını və Azərbaycan-Fransa münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə işləmək niyyətini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Fransa Prezidenti Azərbaycanla iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirməsində maraqlı olduğunu bildirib.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan dövlət başçısı Fransanın ölkəmizə dəstək verməyə hazır olduğunu söyləyib. O, Dağlıq Qarabağ münaqişəsində sabitliyin saxlanılmasının çox vacib olduğunu qeyd edib.
Səfir R.Mustafayev Azərbaycanın Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşı olduğunu və əməkdaşlığın kosmosdan tutmuş Xəzər dənizinin dibinə qədər bir çox sahələri əhatə etdiyini vurğulayıb. Bildirib ki, iqtisadi və sərmayə yatırımı sahələrində əlaqələrin daha da fəallaşdırılması üçün böyük imkanlar var. O, regionda ən böyük fransız universitetinin Bakıda fəaliyyət göstərdiyini və onun Fransa ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün marağımızın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Diplomat ən yüksək səviyyədə siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Səfir müsəlman Şərqində ilk demokratik respublika olan və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin gələn il 100 illiyinin qeyd ediləcəyini bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə tanındığını və onu ilk tanıyan dövlətin Fransa olduğunu diqqətə çatdırıb, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında münasibətləri yaxınlaşdırdığını vurğulayıb.
https://azertag.az/xeber/Azerbaycan_sefiri_etimadnamesini_Fransa_Prezidentine_teqdim_edib-1104506