2017-10-24

Elmar Məmmədyarov: Milyonlarla məcburi köçkünün acınacaqlı vəziyyətinə daha çox diqqət yetirilməlidir

“Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşün mövzusu çox vacib və mürəkkəb məsələlər olaraq beynəlxalq gündəlikdə önəmli yer tutur. Biz bu fenomenin yaxın gələcəkdə yalnız Aralıq dənizi hövzəsi ölkələrində deyil, eyni zamanda, bütün ATƏT məkanında təhlükəsizliyə təsir göstərəcək çoxaspektli və çoxşaxəli problem olması fikrini bölüşürük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyada təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşdə söyləyib.

Nazir deyib ki, BMT-nin baş katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqda dayanır”. Həqiqətən, öz evlərini tərk edən insanların sayının 65,6 milyon olaraq görünməmiş həddə çatmasına baxmayaraq, biz hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük.

Qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqdan ibarət məcburi köçkünləri də unutmamalıdır.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı bildirib ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb. Azərbaycan məcburi köçkünlərin əzablarının dünyaya çatdırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il gündəliyində məcburi köçkünlərə istinad olunması, bəşəriyyət üçün gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda, məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısının alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu-York Bəyannaməsi, əlbəttə ki, düzgün addımlardır, ancaq kifayət deyil. Milyonlarla məcburi köçkünün acınacaqlı vəziyyətinə daha çox diqqət yetirilməlidir. Bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına və eyni zamanda, bütün səviyyələrdə birgə fəaliyyətə ehtiyac var. Biz inanırıq ki, ATƏT, həmçinin məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə təşkilatın hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu oynamalıdır.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır. Azərbaycanda məcburi köçürmə Ermənistanın beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan bir milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu, Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu, Azərbaycan hökuməti üçün birinci prioritet məsələ olaraq qalır.

Məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər hökumətimiz məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlərlə və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzuolunan seçim kimi qəbul edilir.

Nazir qeyd edib ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxardıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük qayıdış” adlı hərtərəfli proqram hazırlayıb.

Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

Elmar Məmmədyarov deyib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda, işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər və münaqişənin sülh yolu ilə həlli perspektivlərini artıra bilər.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_Milyonlarla_mecburi_kochkunun_acinacaqli_veziyyetine_daha_chox_diqqet_yetirilmelidir-1105548

Arxiv üzrə axtarış