Azərbaycanda "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq" Forumu öz işinə başlayıb
Oktyabrın 26-da "British Council Azərbaycan"ın təşkilatçılığı ilə Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq" proqramı çərçivəsində Daş salnamə muzeyində "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq" Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində başlıca məqsəd mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına diqqəti cəlb etməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən və maraqlı tərəflər üçün tövsiyələr verməkdən ibarətdir.
Tədbirdə "British Council Ukrayna"nın direktoru Simon Uilyams layihənin əhəmiyyəti haqqında və üç il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, hazırda yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində ÜDM-in 4.2 faizi onun payına düşür, gəlirin məbləği isə 535,9 milyard avro təşkil edir. Mədəniyyət və yaradıcılıq sahələrində çalışan avropalıların sayı yeddi milyondan çoxdur - bu göstərici Avropa İttifaqı ölkələrinin iqtisadi fəal əhalisinin 3,3 faizini təşkil edir.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə layihə çərçivəsində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olması nəticəsində həmin yerlərdə mədəniyyət abidələri dağıdılıb. Habelə qaçqın və məcburi köçkünlərin bu cür layihələrə gələcəkdə cəlb edilməsi faydalı olardı.
Tədbirdə SABAH proqramının direktoru Şahin Seyidzadə layihədə tərəfdaş kimi görülən işlərin əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, Azərbaycanda yaradıcı iqtisadiyyat kifayət qədər fəal şəkildə inkişaf etməkdədir. Yaradıcılıq assosiasiyalarının sayı artır, aktual incəsənət növləri sahəsində xüsusi art-layihələr həyata keçirilir, yeni fərdi qalereyalar istifadəyə verilir. Aydındır ki, hər bir ölkədə kreativ sənayelərin inkişafı özünəməxsus ssenari üzrə gedir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və yaradıcılıq" proqramının eksperti Raqnar Siilin qeyd etdiyi kimi, Azərbaycan böyük mədəni potensiala malikdir: "Mədəniyyət və yaradıcılıq sahələri yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma səbəb olduğundan, şəhər və regionların inkişafına imkan yaratdığından, innovasiyaları dəstəklədiyindən, təhsilin, sosial inteqrasiyanın və həyatın keyfiyyətini yaxşılaşdırdığından dünyadakı bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yaradıcı peşəkarlardan və istedadlı gənclərdən tutmuş zəngin mədəni irsə və fəal mədəni həyata qədər bütün istiqamətlərdə böyük potensiala malikdir. Əsas məsələ bu resursları rəqabətədavamlı və dayanıqlı mədəniyyət və yaradıcılıq sahələrinə çevirməyin yolunu axtarıb tapmaqdan ibarətdir".
Mədəniyyət və Təhsil nazirliklərinin nümayəndələri, Avropa İttifaqının və "British Council"ın nümayəndəliklərinin üzvləri, aparıcı avropalı ekspertlər, yaradıcı sahibkarlar, rəssamlar, mədəniyyət menecerləri və başqaları olmaqla Foruma 120-dən çox insan dəvət olunub.
Forumun iştirakçıları Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsi ilə tanış olublar. Habelə beynəlxalq mütəxəssislər qabaqcıl təcrübə barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycan üçün əhəmiyyət kəsb edən "YUNESKO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin araşdırılmasının nəticələri" və "Azərbaycanda yaradıcılıq sahələrinin inkişafına dair tövsiyələr - imkanlar və problemlər" araşdırmalarının nəticələri təqdim edilib.
Forum öz işini müzakirələrlə davam etdirir.