2017-10-26

Lütfi Zadənin ideya və nəzəriyyələri bəşəriyyətin inkişafına, rifah halının yüksəldilməsinə xidmət edir

Azərbaycan Universitetində dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xatirəsinə həsr olunan “Əsrin dahisi” mövzusunda anma tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin informasiya–kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən danışıb, qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, ömrünün son illərinədək elmi fəaliyyətlə məşğul olan böyük alimin daha beş nəzəriyyəsi var. Onun ideya və nəzəriyyələri bəşəriyyətin inkişafına və rifah halının yüksəldilməsinə xidmət edir.

Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov Lütfi Zadənin irsinin araşdırılması və təbliği sahəsində görülən işlərdən, böyük alimin gündəlik həyatının maraqlı məqamlarından söz açıb.

Prorektor deyib: “Lütfi Zadə azərbaycanlılar üçün qürur mənbəyidir. Hər birimiz onun haqqında məlumata sahib olmalıyıq. Bu bizim mənəvi borcumuzdur”.

Qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiqatı ilə uzun illərdir birbaşa məşğul olan, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Şıxlinskaya bildirib ki, “Zadə məntiqi” əvvəlcə yapon alimlərinin diqqətini cəlb edib. ABŞ-ın elmi ictimaiyyəti tərəfindən düz iyirmi il qəbul olunmayan bu nəzəriyyə artıq özünü doğruldub, dünyada elmin və texnologiyanın bütün sahələrinə geniş nüfuz edib.

R.Şıxlinskaya süni intellektin təbliğatçısı kimi onu ədəbiyyata da tətbiq etdiyini və bu məqsədlə “Dostum Mimi” adlı kitab yazdığını bildirib. Lütfi Zadəyə həsr olunan kitabın personajlarından biri - yaşlı professor məhz dahi alimin proobrazı kimi düşünülüb.

https://azertag.az/xeber/Lutfi_Zadenin_ideya_ve_nezeriyyeleri_beseriyyetin_inkisafina_rifah_halinin_yukseldilmesine_xidmet_edir-1106117

Arxiv üzrə axtarış