2017-10-26

Unudulmuş Qarabağ müharibəsi: “Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq”

Siz litvalıların Vilnüsü geri alarkən keçirdikləri sevinc hissləri haqqında hekayələri eşitmisinizmi? Azərbaycan və Ermənistanın azərbaycanlıların bu yaxınlarda geri aldığı cəbhə xəttində olmuş “Lietuvos žinios” komandası da insanların eynilə həmin emosiyalarını görüb. İyirmi ildən çox keçdikdən sonra azərbaycanlı ailələri doğma evlərinə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bu sözlər Aydanas Praleykanın Litvanın “Lietuvos žinios” qəzetinin “Xüsusi olaraq Azərbaycandan” rubrikasında dərc edilmiş “Unudulmuş Qarabağ müharibəsi: “Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq” sərlövhəli məqaləsində yer alıb (http://lzinios.lt/lzinios/Pasaulis/). AZƏRTAC məqaləni kiçik ixtisarla təqdim edir.

24 il. Cocuq Mərcanlı kəndindən olan azərbaycanlılar doğma evlərinə qayıtmaq üçün bu qədər gözlədilər. 1988-1993-cü illərin Dağlıq Qarabağ müharibəsindən əvvəl Cocuq Mərcanlı kəndinin yerləşdiyi Cəbrayıl rayonunda 52 min nəfərdən çox əhali yaşayırdı. Bu il Cocuq Mərcanlıya 50 ailə qayıtdı.

Hər ailə üçün dövlət hesabına eynitipli ev tikilib və kiçik torpaq sahəsi ayrılıb. “Lietuvos žinios” komandası buraya gələndə həyat burada artıq gündəlik məişət problemləri məcrasında gedirdi – adamlar administrasiya binasının qarşısında toplaşaraq qəsəbənin boş sahələrindən daha yaxşı istifadə etmək məsələsini müzakirə edirdilər. Məktəb işləyir və Şuşa şəhərindəki (Qarabağ) məscidin tam bənzəri olan məscid tikilib.

Hazırda Dağlıq Qarabağ ermənilərin nəzarəti altındadır. Azərbaycanlıların dediyinə görə, işğal edilmiş ərazilərdə bir dənə də fəaliyyət göstərən məscid qalmayıb.

Erməni mövqelərinin Cocuq Mərcanlıdan cəmi bir kilometr məsafədə olmasına baxmayaraq, burada atəşdən daha qorxmurlar.

Hazırda İran sərhədi və münaqişə xətti arasında yerləşən Cocuq Mərcanlı kəndini Ermənistan tərəfi 1993-cü ildə işğal edib. O zaman buradakı 283 təsərrüfatda 1075 nəfər yaşayırdı. Həmin ilin dekabrında azərbaycanlılar “Horadiz” əks-hücumuna keçəndə və Cocuq Mərcanlı kəndini geri alanda burada artıq bircə dənə də salamat bina qalmamışdı.

O vaxt qəsəbə geri alınsa da, insanlar buraya qayıda bilmədilər - ətraf yüksəkliklərə Ermənistan silahlı qüvvələri nəzarət edirdi. Cocuq Mərcanlı da cəbhə yaxınlığındakı digər kəndlər kimi, mütəmadi olaraq artilleriya və ya snayper atəşinə məruz qalırdı.

Lakin bir inadkar azərbaycanlı göstərdi ki, heç bir təhlükə onu öz evindən qova bilməz. Öz ölkəsində qaçqın olmasına yarım il güclə tab gətirmiş Oqtay Həziyev öz ailəsi ilə Cocuq Mərcanlıya 1994-cü ildə qayıdıb. Onun hərəkəti birmənalı qarşılanmadı. Bu adamın öz evini düşmənin nişangahı altında tikməsinə cəmiyyət həm təəccübləndi, həm də onun cəsarət və qətiyyətinə heyran qaldı.

“Mən qaçqın kimi yaşaya bilərdim və əslində altı ay bu cür yaşadım da, lakin Azərbaycan Silahlı Qüvvələrinin Cocuq Mərcanlı kəndini geri aldıqlarını eşidəndə ən birinci geri mən qayıtdım. Burada ata evimdən yalnız bir yığın xarabalıq qaldığını görüb sarsıldım”, - deyə Oqtay Həziyev danışır.

2016-cı ilin yazında cəbhə xəttində atışmalar daha da intensivləşəndə Azərbaycan Silahlı Qüvvələri “Lələtəpə” (Cocuq Mərcanlı yaxınlığındakı yüksəklik belə adlanır) əməliyyatını keçirdilər və Ermənistan qüvvələrini Cocuq Mərcanlı kəndinə birbaşa təhlükə yarada bilməyəcək məsafəyə qədər sıxışdırdılar. Düşmən, həmçinin Füzuli rayonunun bir neçə yaşayış məntəqəsindən uzaqlaşdırılıb.

Eyni zamanda, sosial şəbəkələr azad edilmiş yüksəkliklərdən azərbaycanlı əsgərlərin fotoşəkilləri və videoyazılarla dolu idi. Bu qələbə Azərbaycanda coşqun vətənpərvərlik əhvali-ruhiyyəsi yaratdı. İnsanlar Bakının meydanlarında toplaşaraq könüllü olaraq orduya göndərilmələrini xahiş etdilər.

O vaxt nə səfərbərlik elan olundu, nə də irimiqyaslı hücumlar başladı, lakin 24 ildən sonra azərbaycanlılar ilk dəfə olaraq ümid etdilər ki, onların çoxdan gözlədikləri gün yetişib. Nəticəsiz sülh danışıqlarının əvəzinə onlar əldə silah de-yure Azərbaycan əraziləri olan Dağlıq Qarabağı və ermənilərin nəzarət etdikləri digər yerləri qaytara bilərlər.

Düşmənin ön mövqedən bir kilometrdən də az aralıda olmasına, atəşlərin gündəlik həyatın bir hissəsi kimi qalmasına baxmayaraq, bu gün azərbaycanlılar Cocuq Mərcanlı ətrafında hakim mövqe tutublar.

Mən bu cəbhə xəttində komandanlıq edən polkovnikdən soruşdum ki, erməni qüvvələrinə bu qədər yaxın məsafədə yaşayan sakinlər ötən ildə olduğu kimi, ştat obyektlərinə zərbələr endirilməsindən qorxmurlarmı? Zabit gülümsəyərək cavab verdi ki, dinc sakinlər rahat ola bilərlər – “əllərinin altında olan qüvvə” onlara “düşmənin arzusunu gözündə qoymağa” yetər.

“Biz işğalçıları onların öz sərhədinədək qovmağı bacarardıq”. “Lietuvos žinios” komandası bu sözləri təkcə azərbaycanlı hərbçilərdən deyil, həm də dinc sakinlərdən dəfələrlə eşitdi. Azərbaycanın hərbi potensialı Ermənistana nisbətdə xeyli çoxdur. Azərbaycan dünya üzrə ən qabaqcıl silahları və hərbi texnikanı alır, Ermənistan isə Moskvanın ona bağışladığı və borca verdiyi silah-sursatla kifayətlənməli olur.

Azərbaycan öz hərbçiləri üçün yaxşı sosial təminatla da öyünə bilər. Ölkədə ümumi çağırış mövcuddur, lakin çağırışçıların əksəriyyəti xidməti davam etdirməyə üstünlük verir. Hazırda peşəkar hərbçilər silahlı qüvvələrin ümumi heyətinin 30 faizini təşkil edir. Onların əməkhaqqı ölkədəki orta aylıq əməkhaqqına uyğunlaşdırılır, hərbi qulluqçular xidmətdən sonra sanballı təqaüd alırlar. Xidmətini davam etdirən hərbçilər (20 il xidmət etdikdən sonra) mənzillə təmin olunurlar. Bundan əlavə, onlar yaşayış yerini işlədikləri hərbi hissələrin yaxınlığında seçə bilərlər.

https://azertag.az/xeber/Unudulmus_Qarabag_muharibesi_Biz_isgalchilari_onlarin_oz_serhedinedek_qovmagi_bacarardiq-1106373

Arxiv üzrə axtarış