Tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycan regionda söz sahibi statusunu möhkəmləndirir
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropanı və Asiyanı, hətta ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu səbəbdən də həm ulu öndərimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin qarşıya qoyduqları əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi nəticəsində Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. “Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan beynəlxalq təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin icrası başa çatıb. Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına şərait yaradacaq. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin Avropaya və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının şaxələndirilməsinə xidmət edəcək, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliyini daha da yüksəldəcək”, - deyə S.Vəliyeva əlavə edib.
“Bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Həmçinin bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması demək olacaq. Bu mənada, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin uğurla başa çatdırılmasını təmin etməklə gələcəyə hesablanmış daha bir möhtəşəm addım atmış olur”, – deyən Milli Məclisin deputatı əlavə edib ki, ölkəmizə gələcək bütün iqtisadi dividentlərlə yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm amilə çevriləcək.