2017-10-30

Avronest PA-nın iclasında beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində fəal olmağa çağırılıb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün və sabitliyin təmin olunmasına maneə törədir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllində daha fəal olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmalıdır. Münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir.

Deputat Rövşən Rzayev çıxışında Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapa biləcəyini vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və dünya birliyi beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyev çıxış edərək Avronest PA-nı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.

https://azertag.az/xeber/Avronest_PA_nin_iclasinda_beynelxalq_teskilatlar_Dagliq_Qarabag_munaqisesinin_edaletli_hellinde_feal_olmaga_chagirilib-1107136

Arxiv üzrə axtarış