2017-10-31

Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəstəklənib

Tbilisidə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyinə dəstək ifadə olunub.

Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov konfransdakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə danışıb. Cənubi Qafqazdakı mövcud münaqişələri müqayisəli təhlil edən alim bu cür problemlərin həllində beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının rolunun vacibliyini vurğulayıb. Alim bildirib ki, Azərbaycan dövlətinin münaqişə ilə bağlı mövqeyi bəllidir və dəyişməzdir. Rəsmi Bakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdardır.

Tarixçi alim, politoloq Quram Marxuliya çıxışında deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Lakin bu qurum uzun illərdir ki, münaqişənin həlli ilə bağlı irəliləyişə nail ola bilməyib. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir. Azərbaycan bu münaqişənin, eləcə də digər problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ermənistan nümayəndəsi, tarixçi Artur Ağacanov da çıxışında Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışıb, əsir və girovların qaytarılmasının, atəşkəsə birmənalı şəkildə əməl olunmasının vacibliyini qeyd edib. Bakıda doğulduğunu vurğulayan A.Ağacanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu fəaliyyətini gücləndirməlidir.

Rusiyadan olan jurnalist, xüsusi şərhçi Yevgeni Mixaylov da Azərbaycanın mövqeyini dəstəkləyib və Ermənistanı konstruktiv mövqe tutmağa çağırıb.

Sonra konfrans panel iclaslarla işini davam etdirib.

“Vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilən birinci paneldə Özbəkistan, Almaniya və Ermənistan nümayəndələri Qafqaz regionunda mövcud olan münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolunu qeyd edib, KİV-lərdə yayımlanan qeyri-dəqiq, qərəzli məlumatların cəmiyyət üçün ciddi təhlükələr yaratdığıni bildiriblər.

“Dağlıq Qarabağ münaqişəsi azərbaycanlı və erməni qadınların gözü ilə” adlanan ikinci paneldə Azərbaycan, Türkiyə və Ermənistandan olan nümayəndələr münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüblər.

“Beynəlxalq təşkilatların və dini liderlərin baxışları” adlı üçüncü paneldə ABŞ, Rusiya və Çexiyadan olan siyasətçilər çıxış edib, münaqişələrin həllində beynəlxalq təşkilatların rolunun artırılmasının vacibliyini bildiriblər. Vurğulanıb ki, vətəndaş cəmiyyəti institutları arasında dini qurumların, icmaların böyük rolu var və dini liderlər münaqişələrin həllində xüsusi rol oynaya bilərlər.

Müzakirələr zamanı Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğu xüsusi vurğulanıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində dəyişiklik edilməlidir. Bu qurum münaqişənin həllinə daha ciddi yanaşmalı və konkret addımlar atmalıdır.

Qeyd edək ki, oktyabrın 30-da Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində təşkil olunan konfransda 18 ölkədən siyasətçilər, QHT və KİV nümayəndələri iştirak ediblər.

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın qapalı iclasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul olunub.

https://azertag.az/xeber/Tbiliside_kechirilen_beynelxalq_konfransda_Azerbaycanin_Dagliq_Qarabag_munaqisesinin_helli_ile_bagli_movqeyi_desteklenib-1107764

Arxiv üzrə axtarış