2017-11-02

Azərbaycan-Fransa əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və idman sahələrində ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin bu münasibətlərə töhfə verdiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və ötən müddət ərzində iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd edib.

Dostluq qrupunun rəhbəri Pyer Alan Rafan Fransanın regionları ilə əməkdaşlığın genişləndirilməsinin və deputatlar arasında təmasların artırılmasının vacibliyini qeyd edib. O, Fransada Azərbaycanın daha çox tanınması və təşviq edilməsi üçün hər iki ölkənin şəhərləri arasında qardaşlaşmanın artırılmasının önəmini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov ədalətin Azərbaycanın tərəfində olduğunu və buna görə də münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı olduğunu bildirib.

https://azertag.az/xeber/Azerbaycan_Fransa_elaqelerinin_inkisaf_perspektivleri_barede_fikir_mubadilesi_aparilib-1108433

Arxiv üzrə axtarış