Qətərdə keçirilən beynəlxalq simpoziumda Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Əl-Cəzirə media şəbəkəsinin dəvəti ilə Qətərdə səfərdədir.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün Əl-Cəzirə media şəbəkəsinin 21-ci ildönümü mərasimində iştirak edən Umud Mirzəyev, həmçinin “Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığa son, 2 Noyabr Beynəlxalq Gün” münasibətilə YUNESKO-nun dəstəyi ilə Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları İdarəsi tərəfindən keçirilən beynəlxalq simpoziumda iştirak edib. Simpozium siyasi və humanitar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklər, informasiya azadlığının təşviq edilməsində media institutları və təşkilatları arasında həmrəyliyin qurulması, eləcə də sülh quruculuğu və etik jurnalistika prinsiplərinə hörmət və digər sahələri əhatə edib.
Tədbirdə Əl-Cəzirə media şəbəkəsinin fəaliyyətini əks etdirən, 17 beynəlxalq media qurumunun, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun həmrəyliyi ilə çəkilən videoçarx nümayiş olunub.
Simpoziumda Beynəlxalq Mətbuat İnstitutu, Karib ölkələri Mətbuat Şəbəkəsi, Etik Jurnalistlər Şəbəkəsinin, Afrika Media Təşəbbüsləri Şəbəkəsi, Ərəb Ölkələri İnsan Haqları Birliyi, Avropa Araliq dənizi ölkələri insan haqları Şurası və bir sıra digər beynəlxalq qurumların rəhbərlərinin çıxışları dinlənilib. BAMF prezidenti Umud Mirzəyev “Siyasi və humanitar böhranların, silahlı münaqişələrin əks etdirilməsində peşəkar medianın üzləşdiyi çətinliklər“ mövzusunda çıxış edib.
Silahlı münaqişələrin işıqlandırılmasında peşəkar medianın üzləşdiyi çətinliklərdən danışan Umud Mirzəyev bildirib ki, bu gün dünyada 50–dən çox münaqişə bölgəsi var. Həmkarlarımızın təhlükəli tapşırıqlarda müharibə və münaqişə bölgələrində öldürülməsi, oğurlanması, hədə-qorxulara, terrora məruz qalması halları ilə hər gün rastlaşırıq.
O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, münaqişə bölgəsindən reportajlar hazırlayan Leonid Lazareviç, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və digərləri münaqişələrin ilk qurbanları idi. Salatın Əsgərova Qarabağ münaqişəsi zamanı həlak olan ilk qadın jurnalist kimi bu gün də yaddaşlarımızda, xatirələrimizdə yaşayır.
Umud Mirzəyev qeyd edib ki, son vaxtlara kimi jurnalistlərin təhlükəsizliyi yalnız Cenevrə Konvensiyasının 49-cu maddəsi ilə qorunurdu. Bu zaman mülki əhali üçün tətbiq olunan beynəlxalq hüquq və normalar jurnalistlərə də şamil edilirdi. BMT–nin Baş Assambleyası tərəfindən qəbul olunan 2013-cü il 2 noyabr tarixli “Jurnalistlərin təhlükəsizliyi və Cəzasızlıq məsələsi” ilə bağlı xüsusi qətnamə isə artıq jurnalistlərin təhlükəsizliyinin əlahiddə qorunmasının təmin edilməsi baxımından vacib sənəd oldu. Lakin bu, problemin əsaslı şəkildə həll edilməsi üçün yenə də yetərli deyil. BMAF prezidenti bildirib ki, 2016-cı il də jurnalistlərin təhlükəsizliyinin qorunması baxımından mənfi hallarla yadda qalıb. 77 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub. Onlara qarşı törədilən bu cinayətlərin 30 faizinin motivi məlum olmayıb və bu gün də açılmayıb. Ümumilikdə son 10 ildə təxminən 1000-dən çox jurnalist peşə fəaliyyəti zamanı həlak olub.
“Dünyada mövcud və dondurulmuş münaqişələr, muzdlu silahlıların əlində olan və beynəlxalq hüququn prinsiplərini tanımayan nəzarətsiz qalmış ərazilərdə baş verənlər, qanunun aliliyinin qorunmasındakı mövcud problemlər, qeyri-obyektiv informasiyanın yayılması, jurnalistikanın təməl prinsiplərinin pozulması jurnalist təhlükəsizliyinin qorunmasına əngəl olan əsas amillərdir. Bütün bunların qarşısının alınması üçün vətəndaş cəmiyyəti ilə yanaşı, dövlətlərin də jurnalistlərin fəaliyyətinin təhlükəsiz qurulması, cəzasızlığın aradan qaldırılması kimi məsələlərdə yekdil rəyi olduqca əhəmiyyətlidir. Digər tərəfdən jurnalistlər üçün ümumi qəbul edilmiş prinsiplərin tətbiqinin gücləndirilməsi, münaqişə bölgələrində jurnalistlər üçün xüsusi dəhlizin açılması, jurnalistlərin humanitar böhran və münaqişələrin işıqlandırılmasına dair peşəkar təlimləndirilməsi də ciddi şəkildə nəzərə alınmalıdır”, - deyə U.Mirzəyev əlavə edib.
BAMF sədri münaqişə dövründə jurnalistlərin təhlükəsizliyinin beynəlxalq normalar əsasında qorunmasının, münaqişə bölgələrindən doğru informasiyanın çatdırılmasının münaqişənin aradan qaldırılması üçün beynəlxalq birliyin vahid mövqeyinin formalaşmasında olduqca vacib olduğunu deyib: “Mənim təmsil etdiyim Azərbaycan da müharibədən əziyyət çəkən bir ölkədir. Ölkənin 20 faiz ərazilərinin işğalı ilə nəticələnən Qarabağ müharibəsinin başladığı 1990-cı illərin əvvəllərindən bu günə kimi bu münaqişə ocağında peşə fəaliyyəti ilə məşğul olan 9 jurnalist qətlə yetirilib. Lakin baş verənlərə görə beynəlxalq birlik qanlı əməllər törədənləri, dünyanın gözünə baxa-baxa işğal amilini davam etdirənləri hələ də ciddi olaraq nə hüquqi, nə də siyasi qınaq obyektinə çevirməyib”.