YUNESKO-nun Baş Konfransında erməni nazirə tutarlı cavab verilib
Fransanın paytaxtı Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti öz hüququndan istifadə edərək Ermənistan xarici işlər nazirinin çıxışına bəyanatla cavab verib.
Bəyanatda qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayır.
Vurğulanıb ki, beynəlxalq ictimaiyyət ayrı-seçkiliyə, nasizm, antisemitizm, islamofobiya və ksenofobiyanın bütün təzahürləri ilə mübarizə apardığı bir vaxtda Ermənistan azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğu haqda rəsmi bəyanatlar yayır, öz paytaxtında nasist Qaregin Njdeyə və ASALA terror təşkilatının üzvlərinə heykəllər ucaldır.
Qeyd edilib ki, erməni nazirin çıxışı beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə də Ermənistanda yaşayan azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti faktından yayındırmaq üçün növbəti riyakar cəhddir. Azərbaycanlıların bu ərazilərdə əsrlər boyu yaşadığını sübut edən tarixi abidə, məscid, muzey və qəbiristanlıq kimi mədəni irs nümunələri erməni silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.
Çoxmillətli zəngin bir regionda yeganə monoetnik dövlət olan Ermənistanın digər xalqlara tolerantlıq dərsi keçməyə haqqı olmadığı diqqətə çatdırılıb.
Yekunda bildirilib ki, son illər Ermənistan rəsmilərinin çıxışları yalnız nifrət və yalan ittihamlarla doludur. İnsanların şüurunda sülh yaratmaq əvəzinə Ermənistan YUNESKO kimi mötəbər təşkilatın daxilindəki dəyərləri pozmağa cəhd edir. Lakin əminik ki, onların bu cəhdləri uğursuz olacaq.
https://azertag.az/xeber/YUNESKO_nun_Bas_Konfransinda_ermeni_nazire_tutarli_cavab_verilib-1108528