Azərbaycan Prezidentinin bütün təşəbbüsləri dünya tərəfindən dəstəklənir
Son dövrlər Azərbaycanın bölgədə fəallaşaraq üçtərəfli formatda əməkdaşlıq əlaqələrini genişləndirməsi və regionun aparıcı dövlətləri tərəfindən dəstəklənməsi Ermənistanı qorxuya salıb. Məsələnin mahiyyəti heç də Azərbaycanın qonşu dövlətlər ilə yaxşı münasibət qurmasında deyil. Prezident İlham Əliyev hər zaman müstəqil siyasət yürüdərək bütün qonşular ilə yaxşı münasibətlərin qurulmasına nail olub və Azərbaycana yuxarıdan aşağıya baxılması tendensiyasına son qoyulub. Ermənistandan fərqli olaraq rəsmi Bakı heç bir qonşusuna qarşı ərazi iddiaları irəli sürmür və ona görə də irəli sürdüyü iqtisadi təşəbbüslər dəstəklənir.
Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının nəticəsi kimi, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan-Rusiya-İran əməkdaşlığının nəticəsi kimi isə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması yalnız bu layihələrdə iştirak edən dövlətlərin deyil, Avropa və Asiya dövlətlərinin də maraqlarını əks etdirir. Qeyd olunan layihələrin iqtisadi tərəfi haqqında çox yazılıb. Bəli, bu yollarla irihəcmli ixrac-idxal əməliyyatları həyata keçiriləcək. Yolların keçdiyi ölkələr tranzit gəlir əldə edəcək, yeni xidmət mərkəzləri yaradılacaq, iş yerlərinin sayı artacaq və sair. Lakin istər Bakı-Tbilisi-Qars, istərsə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçı dövlətlər üçün böyük siyasi əhəmiyyəti də var.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV-lərə verdiyi müsahibədə üçtərəfli formatda əməkdaşlığın təşəbbüskarının dövlətimizin başçısı İlham Əliyev olduğunu bildirib. Əli Həsənov nəzərə çatdırıb ki, bu formatda keçirilən görüşlər, ilk növbədə, regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasına xidmət etməklə yanaşı, daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradır.
Əlbəttə, müasir dünyada siyasi istiqamətlərin tez-tez dəyişildiyi bir zamanda sabitliyin böyük bir regionda qorunub saxlanılması heç də asan məsələ deyil. Yuxarıda göstərilən hər iki layihə Əli Həsənovun qeyd etdiyi kimi, regionda sabitliyin qorunub saxlanılması üçün mühüm şərtdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, həm Bakı-Tbilisi-Qars, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Asiyadan Avropaya və əks istiqamətə yüklər daşınacaq. Dünyanın iki böyük qitəsində yerləşən dövlətlərin iqtisadiyyatında nəzərəçarpan rol oynayan bu yollar təkcə Azərbaycan, İran, Gürcüstan və Rusiya üçün yox, misal üçün Çin, Hindistan, Almaniya, Fransa üçün də əhəmiyyətlidir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi yolun açılışını alqışladıqlarını bildirdilər. Aİ-nin bəyanatında deyilir: “Avropa İttifaqı yeni dəmir yolu dəhlizinin açılmasını alqışlayır. Bu, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir. Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələr dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək”.
Bu bəyanatla Aİ həm də öz maraqlarının qoruyucusu qismində çıxış edir.
Digər tərəfdən, Çinin dünyanın iqtisadi nəhəngi kimi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərməsi və bu dəhlizin əsas komponenti olan Qəzvin-Rəşt-Astar (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişinə maliyyə ayırmağa razı olması rəsmi Pekinin bu dəhlizdən fəal şəkildə istifadə edəcəyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Çin gələcəkdə öz yüklərinin keçdiyi ərazilərdə siyasi sabitliyin hökm sürməsində maraqlı olacaq.
Mütəxəssislərin hesablamalarına görə, Asiya ilə Avropa qitəsinin illik ticarət dövriyyəsinin həcmi 20 milyard dollar həcmindədir və bu rəqəm ildən-ilə artmaqdadır. Ticarət dövriyyəsinin belə yüksək rəqəmlə ifadə olunması onu deməyə əsas verir ki, həm Avropa, həm də Asiya dövlətləri Bakı-Tbilisi-Qars və Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yollarının keçdiyi ərazilərdə siyasi sabitliyin qorunub saxlanmasında maraqlı olmaqla yanaşı, daim sabitliyi dəstəkləyəcək, regionda destruktiv siyasət aparan dövlətlərin əleyhinə çıxacaqlar.
Deməli, son dövrdə Ermənistanın silahlanması və güc nümayiş etdirməsi əbəsdir.
Bu layihələr, həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Ermənistan isə öz əsassız iddiaları ilə indiyə kimi necə sürünə-sürünə yaşamışdısa elə də yaşamaqda davam edəcək.
Azərbaycanın bütün təşəbbüsləri dünya tərəfindən dəstəklənir. Ermənistan isə hələ də iqtisadi məngənədə çabalamaqdadır. Azərbaycan tutduğu yol ilə sabitliyi möhkəmləndirib iqtisadi inkişafa, tərəqqiyə doğru gedir. Görəsən Ermənistan tutduğu yolla hara gedir?