2017-11-04

YUNESKO-nun Baş Konfransının sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Parisdə YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası işini davam etdirir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov noyabrın 4-də Baş Konfransda ümumi siyasi debatlar çərçivəsində milli bəyanatı səsləndirib.

Elnur Sultanov İrina Bokovaya 8 illik fəaliyyəti dövründə YUNESKO-ya verdiyi töhfələrə görə təşəkkür edib və yeni baş direktor Odre Azuleyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

O bildirib ki, dünyanın üzləşdiyi təhdidlər və çağırışlar fonunda təhsilin keyfiyyətinin artırılması, mədəni müxtəlifliyin, eləcə də dialoq və qarşılıqlı hörmətin təşviq edilməsi kimi birgə tədbirlərin görülməsinin daim vurğulanması olduqca vacibdir. Bu istiqamətdə qurumun rolunun hamıya aydın olduğunu qeyd edən səfir mənfi tendensiyalara qarşı mübarizə aparmaq üçün YUNESKO-nun dəyərləri ətrafında sıx birləşmənin əhəmiyyətini vurğulayıb. E.Sultanov deyib ki, qarşıda duran mühüm problemlərin həlli məqsədilə üzv dövlətlər, baş direktor və katiblik arasında möhkəm əməkdaşlıq və əlaqə təmin edilməlidir. İdeyalar laboratoriyası olan YUNESKO-da sülh mədəniyyəti naminə bütün üzv dövlətlərin birləşdiyi əsl çoxtərəfli və inklüziv səmimi mühit olmalıdır.

Milli Komissiyanın baş katibi qeyd edib ki, təşkilatın səmərəliliyinin artırılmasında uğurlu yol təsirli islahatların keçirilməsidir. Bu islahatlar BMT islahat prosesinə uyğun keçirilməli, BMT qurumları çərçivəsində təkrarların qarşısı alınmalıdır. YUNESKO-nun Konstitusiyasında aydın şəkildə əks olunmuş təhsil, elm, mədəniyyət və kommunikasiya mandatı əldə rəhbər tutulmalıdır.

Xüsusi tapşırıqlar üzrə səfir iki il əvvəl BMT-nin dayanıqlı iqtisadi və sosial inkişafa, eləcə də daha yaxşı və təhlükəsiz dünya qurmağa nail olmaq üçün dayanıqlı inkişaf məqsədləri qəbul etdiyini xatırladıb. O, 2030-cu il dayanıqlı inkişaf proqramında əsas məqsədlərindən birinin təhsil olduğunu və YUNESKO-nun təhsillə bağlı məqsədin reallaşdırılmasında fəal iştirak etdiyini, hökumətimizin bu sahədə məqsədyönlü tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Baş katib üzv dövlətləri bundan sonra da bu məqsədlərə nail olmaq, xüsusilə də zorakı ekstremizm və radikalizmin qarşısını almaq üçün təhsilin rolunu artırmaqda YUNESKO-ya dəstəklərini əsirgəməməyə çağırıb.

Həll edilməmiş silahlı münaqişələrin, terrorizmin, zorakı ekstremizmin, aqressiv separatizmin, etnik və dini dözümsüzlük və ayrı-seçkiliyin ən ciddi problemlər olduğunu vurğulayan E.Sultanov bildirib ki, bunlar sülh və inkişafa böyük maneələrdir.

Diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlanılması ilə YUNESKO-nun dəyərləri və prinsipləri açıq şəkildə pozulur. Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında, eləcə də öz ərazisində apardığı mədəni təmizləmə siyasəti nəticəsində xalqımıza məxsus bütün tarixi və mədəni abidələr, mədəni irs obyektləri, məktəblər, məscidlər və qəbiristanlıqlar barbarlıqla dağıdılıb.

“Beynəlxalq ictimaiyyət silahlı münaqişələrdə mədəni irsin qorunması üçün səyləri artırmalıdır. Bu baxımdan, Azərbaycan 2017-ci ilin mart ayında BMT Təhlükəsizlik Şurasının 2347 saylı qətnaməsinin qəbul edilməsini alqışlayır. Aydındır ki, YUNESKO BMT-nin əsas qurumu kimi bu qətnamənin həyata keçirilməsinə daha çox töhfə verməlidir.

Azərbaycan silahlı münaqişələr zamanı mədəniyyətin müdafiəsi və mədəni plüralizmin təşviqi üzrə YUNESKO-nun fəaliyyətini gücləndirmək strategiyasını fəal şəkildə dəstəkləyir. Bundan əlavə, Azərbaycan YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin və dünya irs komitəsinin üzvü kimi bu məsələyə öz töhfəsini verir. Xüsusilə qeyd etmək lazımdir ki, Azərbaycanın maliyyə dəstəyi ilə YUNESKO və San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu mədəni irsin qorunması üzrə hərbi bələdçi hazırlayıb”, - deyə E.Sultanov vurğulayıb.

Azərbaycan Respublikası ilə YUNESKO arasındakı əməkdaşlıqdan söz açan baş katib bu münasibətlərin 25 illiyinin qeyd edildiyini, ölkəmizin bu təşkilatın dəyər və ideyalarına tam sadiq olduğunu söyləyib. O, 2013-cü ildə imzalanmış Azərbaycan ilə YUNESKO arasında əməkdaşlıq haqqında Çərçivə Sazişinin bu sadiqliyi bir daha sübut etdiyini vurğulayıb. Səfir Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrdə qızların təhsili, maddi və qeyri-maddi mədəni irsin qorunması, elm və innovasiya texnologiyaları, eləcə də fəlakət riskinə hazırlıq kimi prioritet sahələrdə YUNESKO-nu dəstəklədiyimizi qeyd edib. O bildirib ki, Etimad Fondu vasitəsilə bir neçə layihə müvəffəqiyyətlə həyata keçirilib və eyni ruhda işimizi davam etdirmək istəyimizi çatdırıb.

Vurğulanıb ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan Şərq ilə Qərbin görüşdüyü, dünya dinlərinin sülh şəraitində birgə yaşadığı, fərqli mədəniyyətlərin dəyərlərinin və ənənələrinin bir-birini harmonik tamamladığı nadir bir məkandır. Dövlət siyasətinin prioriteti olan mədəniyyətlərarası dialoq və multikulturalizmin tərəfdarı kimi ölkəmiz bu sahədə zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək üçün öz səylərini əsirgəmir.

“Fəxr edirik ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı prosesi” mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal səviyyədə tanınmış platformaya çevrilib. Bu proses çərçivəsində bu il Azərbaycan müvafiq BMT qurumları və beynəlxalq təşkilatlar ilə bərabər YUNESKO-nun əsas tərəfdaşlığı ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib. Ötən il Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib” - deyə baş katib diqqətə çatdırıb.

Elnur Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasına, sülh və təhlükəsizlik ideyalarının təşviqi üzrə tərəfdaşlığın yeni üfüqlərinə nail olunmasına dəyərli töhfələrini xüsusi vurğulayıb.

Sonda Azərbaycanın siyasi, iqtisadi və mədəni baxımdan müxtəlif qitələr arasında körpü rolu oynamaq üçün əlindən gələni əsirgəmədiyi bildirilərək, bir neçə gün öncə Asiya və Avropanı birləşdirən, qədim İpək Yolunun bir hissəsinin bərpası olan Bakı-Tbilisi–Qars dəmir yolunun istifadəyə verildiyi və onun müxtəlif mədəniyyətlərin yaxınlaşmasına geniş imkanlar açdığı bildirilib. “Bütün bunlar bizim strateji baxışımızdan irəli gəlir və YUNESKO dəyərlərini regionda daha da təşviq etdirməyə, sülh və inkişafı təmin etməyə ruhlandırır”, - deyə Milli Komissiyanın baş katibi qeyd edib.

https://azertag.az/xeber/YUNESKO_nun_Bas_Konfransinin_sessiyasinda_Azerbaycanin_beyanati_seslendirilib-1109061

Arxiv üzrə axtarış