2017-11-07

BMT-nin korrupsiya əleyhinə beynəlxalq tədbirində Azərbaycandakı təkmil dövlət xidmətləri haqqında danışılıb VİDEO

Noyabrın 6-da Avstriyanın Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 7-ci sessiyası başlayıb. Tədbirdə Konvensiyaya tərəf 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov təmsil edirlər.

Konfransın 7-ci sessiyasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər, beynəlxalq əməkdaşlıq və digər sahələr üzrə müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İnam Kərimov tədbirin açılış mərasimində çıxış edib, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan və dövlət proqramlarından danışıb. O, Azərbaycanın genişmiqyaslı islahatların həyata keçirildiyi, regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin reallaşdırıldığı, sabitlik, multikulturalizm və yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən məkan olduğunu diqqətə çatdırıb, ölkəmizin Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci yerə layiq görüldüyünü bildirib.

Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini deyən İ.Kərimov ölkəmizin təkmil antikorrupsiya qanunvericiliyinə malik olduğunu, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış orqanların bu sahədə sistemli fəaliyyət göstərdiyini qeyd edib.

İnam Kərimov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, Azərbaycan brendi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti, xarici ölkələrin bu modelə maraqlı olması və bəzi ölkələrin artıq “ASAN xidmət” modelini tətbiq etməsi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, təsis edildiyi vaxtdan indiyədək “ASAN xidmət” 11 mərkəzi və mobil xidmətləri ilə 18 milyondan çox vətəndaşa xidmət göstərib. Əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətə görə 2015-ci ildə “ASAN xidmət” BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Konfransın gedişində “ASAN xidmət” brendinin tarixini və fəaliyyətini əks etdirən jurnallar iştirakçılara təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin nümayəndə heyətinin digər üzvlərinin də çıxışları nəzərdə tutulur.

Konfrans işinə noyabrın 10-da yekun vuracaq.

https://azertag.az/xeber/BMT_nin_korrupsiya_eleyhine_beynelxalq_tedbirinde_Azerbaycandaki_tekmil_dovlet_xidmetleri_haqqinda_danisilib_VIDEO-1109479

Arxiv üzrə axtarış