Yaan Reynhold: Azərbaycan Avropa İttifaqı üçün dəyərli tərəfdaşdır
Noyabrın 7-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Aİ-nin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərlərinin siyasi dialoqa və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına şərait yaratdığını qeyd edib. “İnanırıq ki, səfər çərçivəsində keçirəcəyiniz görüşlər qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə və bu ayın sonlarında keçiriləcək Zirvə görüşünə öz töhfəsini verəcək. Bu baxımdan, biz ikitərəfli səfərlərin həyata keçirilməsinə böyük əhəmiyyət veririk”, - deyə sədr qeyd edib.
Oqtay Əsədov Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. Milli Məclisin sədri qeyd edib ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurlar təkcə ölkəmiz üçün deyil, bütöv bir regionun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, bu yaxınlarda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi ilə bağlı Sazişin müddətinin 2049-cu ilədək uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi yuxarıda söylədiklərimizi bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verməklə yanaşı, qədim İpək Yolunun bərpasında, onun dəmir relslər üzərinə keçirilməsində fəal iştirak edir. Gələcəkdə “Şimal-Cənub” dəhlizinin fəaliyyətə başlaması ilə Bakı Avropa və Asiya üçün mühüm logistik mərkəzlərdən birinə çevriləcək.
Sədr deyib ki, bu gün hüquqi, dünyəvi, demokratik yolla addımlayan ölkəmiz beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə böyük məsuliyyətlə yanaşır. Biz qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məqsədli addımlar atırıq. Avropa Şurasının bir sıra konvensiyalarına və sazişlərinə qoşulmuşuq. Milli Məclisdə qəbul olunan qanunlar insan və vətəndaşların hüquqlarının qorunmasına, onların sosial rifah halının yüksəlməsinə xidmət edir. Qanunların müzakirəsində qeyri-hökumət təşkilatları və iş adamları fəal iştirak edirlər. Xarici investisiyaların qorunması sahəsində də parlamentdə lazımi hüquqi baza yaradılıb. Bu gün Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şərait yaradılıb. Biz inanırıq ki, Avropa İttifaqı ilə əlaqələrimiz gələcəkdə də yüksələn xətlə inkişaf edəcək.
Nümayəndə heyətinin rəhbəri, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Aİ-nin noyabrın 24-də keçiriləcək Zirvə görüşü ərəfəsində ölkəmizə səfərlərini Azərbaycana bir diqqət kimi qiymətləndirməyi xahiş edib. O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli tərəfdaşdır. Səfərin məqsədi bölgədəki vəziyyətlə yaxından tanış olmaq, Sammit ərəfəsində tərəfləri düşündürən məsələlərə aydınlıq gətirməkdir.
Sonra Milli Məclisin sədri qonaqları maraqlandıran suallara cavab verib.
Söhbət zamanı parlamentlər səviyyəsində münasibətlərin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, bərabərhüquqlu faydalı əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
https://azertag.az/xeber/Azerbaycan_ile_Avropa_Ittifaqi_arasinda_elaqeler_inkisaf_edir-1109623