2017-11-08

Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

-Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm. 

Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz.

Şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt – 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılmışdır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişilmişdir, özəlləşdirməyə açılmışdır. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik.

Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür.

Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.

Mən xarici mətbuatı da izləmişəm. Bilirəm ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılmışdır. Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.

Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olmuşdur. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu Öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıbdır və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək.

Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram.

X X X

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq hakim Faiq HƏSƏNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, mən Sizə komanda adından minnətdarlığımı bildirirəm ki, vaxt edib qəbul edirsiniz. Biz Sizinlə üçüncü dəfə görüşürük. Bugünkü görüş çox xoş görüşdür, sevinc görüşüdür. Mən başqa bir cəhətdən Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizə “Sağ olun” demək istəyirəm ki, biz orada olarkən respublikanın bütün ictimai həyatı ilə təmasda idik, baxırdıq ki, ölkəmizdə nə keçirilir. Əsrin layihəsini – Bakı-Tbilisi-Qars dəmir yolunu Siz açdınız, izləyirdik. Bu münasibətlə mən Sizi təbrik etmək istəyirəm. Bu, xalqımız üçün tarixi bir hadisədir. Ona görə ki, dəmir İpək Yolunun açılması, əlbəttə, Azərbaycanı Avropaya bağlayır. Gələcəkdə biz də həmin yolun sərnişin qatarından istifadə edəcəyik. Həm də belə bir təklif oldu, uşaqlar təklif etdilər ki, ilk sərnişin qatarı hərəkətə başlayanda biz dünyanın güclü şahmatçılarını çağıraq və bu qatarda bir turnir təşkil edək və bu, bir hadisə olsun. Bu turniri ən güclü şahmatçılarla, bizim Türkiyə və Gürcüstan şahmatçıları ilə bir yerdə keçirək.

Bu il bizim komanda, əlbəttə, çox güclü idi. Bizim hamımızın məqsədi yalnız o idi ki, birinci yerə çıxaq. Mən bir məqamı da Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz orada “Qarabağ”ın Madriddə “Atletiko” ilə oyununa kompüter vasitəsilə baxırdıq. Bizim şahmatçıların hamısı futbol həvəskarıdır. Hər şahmatçının sevimli komandası var. Amma “Qarabağ” oynayanda, aydın məsələdir, hamımız “Qarabağ”a baxır və azarkeşlik edirdik. “Qarabağ” oyunu gözəl nəticə ilə başa çatdırandan sonra ertəsi gün biz Ermənistan komandası ilə oynayırdıq. Belə ruh yüksəkliyindən sonra hamı dedi ki, “Qarabağ” belə oynayıbsa, Ermənistanla oyunda bizim ayrı yolumuz yoxdur. Biz gərək yalnız qələbə çalaq. Bu, doğrudan da belə oldu. Bundan sonra uşaqlar özləri də dedilər ki, artıq biz qızıl medala yol açdıq.

Faiq Həsənov bildirdi ki, bu qələbədə bütün qrossmeysterlərimizin böyük rolu var. O vurğuladı ki, Azərbaycan komandasının üzvləri Beynəlxalq Şahmat Federasiyasının reytinq siyahısında 2700 və daha çox əmsalı olan şahmatçılar sırasındadırlar. Faiq Həsənov qeyd etdi ki, şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının il ərzində ən güclü şahmatçılar arasında keçirdiyi Qran-Pri turnirində ilk üçlüyə düşüblər və onların mükafat qazanmaq imkanları çox yüksəkdir. 2017-ci ildə şahmat yarışlarında əldə edilən qələbələrdən danışan federasiyanın vitse-prezidenti bildirdi ki, gənc şahmatçılarımız bu il keçirilən Avropa çempionatında iki qızıl, iki gümüş, bir bürünc medal qazanaraq komanda hesabında ikinci olublar. Bundan başqa, SOCAR-ın klubu olan “Odlar Yurdu” da bu il Avropa çempionatının mükafatçılarındandır.

İdmançılara, o cümlədən şahmatçılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Faiq Həsənov son illərdə respublikamızın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmanın bu növünün inkişaf etdiyini vurğuladı. O, Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinin bütün dünyada böyük məmnunluqla qarşılandığını dedi.

X X X

Milli komandanın üzvü Şəhriyar MƏMMƏDYAROV çıxış edərək dedi:

-Cənab Prezident, diqqətinizə görə çox sağ olun.

Biz burada əyləşəndə xatırlayır və deyirik ki, hələ yeniyetmə olanda bizim əldə etdiyimiz nəticələrə Siz həmişə diqqət göstərmisiniz. Bəlkə də başqa ölkələrdə bu cür nəticələrə heç kim diqqət yetirməzdi. Amma Siz hər zaman diqqət göstərmisiniz. Hələ o vaxt inanırdınız ki, biz bu gün Avropanın ən güclüsü və ən yaxşısı olacağıq.

Biz birinci dəfə Avropa çempionu olanda və ölkəmizə qayıdanda komanda yoldaşlarımız özlərini elə göstərirdilər ki, guya bu, bizim üçün normal nəticədir. Həqiqətdə isə biz o nəticəni çox çətinliklə qazanmışdıq. Amma bu gün komanda gedib Avropa çempionu olanda elə bil hamı öyrəşib, elə bil hamı başa düşür ki, Avropanın ən güclü, ən yaxşı komandası gəlir.

Bu gün Azərbaycan şahmatı yəqin ki, tarixinin ən parlaq anlarını yaşayır. Bu gün Azərbaycanda 2700-dən yuxarı əmsalı olan dörd şahmatçı var. Bu gün artıq dünyanın üçlüyündə olmaq, - dünyanın üçlüyünə gəlib çıxmışıq, - dünyanın birinci nömrəli şahmatçısı olmaq da mümkündür, bu, çox yaxındır. Dünya çempionluğu uğrunda mübarizədə birinci olmaq, tacı Azərbaycana qaytarmaq – bunlar hamısı artıq sadəcə söz deyil, bu, artıq bir reallıqdır, çox yaxındır.

Bunların hamısının, əlbəttə, bir səbəbi var - diqqət və qayğı. Yəni, biz Sizin diqqətinizi hər zaman hiss edirik. Bakıda keçirilən Olimpiadalara, ümumiyyətlə, hər il Azərbaycanda keçirilən turnirlərə göstərilən ən böyük dəstəyə, diqqətə və qayğıya görə şahmatçılarımız adından, həmçinin Qran-Pri yarışına görə bu görüşə gələ bilməyən Teymur Rəcəbovun, Arkadi Naydiçin adından Sizə dərin təşəkkürümüzü bildirirəm. Biz bir komandayıq, məğlub olanda hamımız məğlub oluruq, heç bir oyunçunu ayırmırıq. Biz bir dost komanda kimi hər yerdə göstərmişik ki, Azərbaycan həm dostluğu, həm uğur qazanmağı bacaran, zəkalı insanları olan intellektlər diyarıdır.

Bizim üçün yaradılan şəraitə görə çox sağ olun. Bizə göstərdiyiniz diqqət və qayğıya - 20 il bundan əvvəl başlayan diqqət və qayğınıza görə bu gün Sizə səmimi qəlbdən “Çox sağ olun” deyirik. Təşəkkür edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bir daha sizi təbrik edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, böyük qələbədir. Bu qələbə Azərbaycan intellektinin, Azərbaycan zəkasının təntənəsidir. Bu qələbəni, qələbə sevincini Azərbaycan xalqına siz bəxş etmisiniz. Sizə yeni uğurlar və yeni qələbələr arzulayıram. Sağ olun.

X X X

Sonra şahmat üzrə komandamızın indiyədək Avropa çempionatlarında qazandığı kuboklar dövlətimizin başçısına təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_sahmat_uzre_Avropa_komanda_chempionatinin_qaliblerinden_ibaret_numayende_heyetini_qebul_edib_YENILANIB_VIDEO-1109962

Arxiv üzrə axtarış