2017-11-10

Azərbaycan ilə Afrika İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının iqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və sosial məsələlər üzrə komissarı Amira Elfadil ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqlarını qeyd edərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyinə diqqəti çəkiblər.

Görüşdə Azərbaycanın multikulturalizm ənənələri, dinlərarası və mədəniyyətlərarası dialoq prosesinə verdiyi töhfələr, bu xüsusda Bakıda keçirilən humanitar və mədəniyyətlərarası dialoq forumlarında Afrika İttifaqının və üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı məmnuniyyətlə vurğulanıb.

Həmçinin Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin digər tərəfdaş təşkilatlarla birlikdə Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyi qeyd edilərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılması və nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması barədə razılıq əldə edilib.

https://azertag.az/xeber/Azerbaycan_ile_Afrika_Ittifaqi_arasinda_muxtelif_sahelerde_emekdasliq_uchun_genis_imkanlar_var-1110388

Arxiv üzrə axtarış