2017-11-13

Bakı-Tbilisi-Qars dəmir yolu bütün Avrasiya üçün cəlbedici və perspektivlidir

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-kilometr olub. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 24013 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilib. Dəhliz vasitəsilə daşınmış yüklərin 19 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil edib. Əlavə edə bilərik ki, Azərbaycanın tranzit potensialını artıracaq digər marşrutlarla yanaşı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edən layihələrdən biridir. Dəhliz Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Artıq sınaq məqsədilə “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə Rusiyadan İrana taxta daşınıb. Nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi sayəsində keçmiş SSRİ məkanından Azərbaycana daxil olan qatarların qısa zaman kəsiyində İran və Anadolu məkanına çatması təmin olunub.

Son vaxtlar belə bir informasiya yayılmaqdadır ki, guya Qazaxıstan və Rusiya tərəfləri Çindən dəmir yolu çəkməklə Avropaya yeni çıxış əldə etməklə Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ polad magistral yaradacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi nə hazırda, nə də gələcəkdə heç bir polad magistral Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ ola bilməz. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu məhz Qazaxıstan və Rusiya üçün də Qafqaza, Anadoluya və Cənubi Avropaya birbaşa çıxış keçididir. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının Cənubi Avropa ölkələri ilə birbaşa quru sərhədi yoxdur. Rusiya Cənubi Avropaya qurudan Baltikyanı ölkələr, Ukrayna və yaxud Belarus vasitəsilə çıxa bilir. Bundan başqa, daşımalar üzrə mütəxəssislər əsaslandırırlar ki, dəmir yolu nəqliyyatı şirkətləri üçün ən sərfəli variant qatarların bütün istiqamətdə boş hərəkət etməməsidir. Bakı-Tbilisi-Qars dəmir yoluna birləşən polad magistralların keçdiyi ölkələrin iqtisadi resursları, idxal etdikləri məhsullar fərqlidir. Odur ki, bu yolla vaqonların boş hərəkəti riski yox dərəcəsindədir. Bu hal Qazaxıstan və Rusiyaya da imkan verir ki, həm özlərinin idxal və ixracına, həm də tranzit daşımalarda fəal iştirak etsinlər. İkincisi, zəngin təbii ehtiyatlara malik Qazaxıstan və Rusiya tarixdə ilk dəfədir ki, məhz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Yaxın Şərqə və Afrikaya dəmir yolu ilə çıxış perspektivi əldə ediblər. Təbi ki, bu Türkiyənin yaxın gələcəkdə öz dəmir yolu şəbəkəsini sərhədlərə doğru şaxələndirmək siyasətindən və Yaxın Şərqdəki sülh prosesindən asılıdır. Türkiyə rəsmilərinin bu barədə nikbin açıqlamaları isə deməyə əsas verir ki, belə bir prosesin baş verməsinə ümid etmək mümkündür.

https://azertag.az/xeber/Baki_Tbilisi_Qars_demir_yolu_butun_Avrasiya_uchun_celbedici_ve_perspektivlidir-1111169

Arxiv üzrə axtarış