2017-11-13

SOCAR-ın prezidenti Abu-Dabidə dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə dünyanın aparıcı şirkət rəhbərlərinin “dəyirmi masa”sında iştirak edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu-Dabidə təşkil olunan “Şirkət Rəhbərlərin “dəyirmi masa”sında iştirak ediblər. Dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında SOCAR da şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Abu-Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə edilib.

“Dəyirmi masa” çərçivəsində müasir texnologiyaların təsirləri, dünyada yeni enerji mənbələrinin yayılması kimi aktual məsələlər əsas müzakirə mövzusu olub. Bu proseslərin qlobal enerji bazarlarına, tələb-təklif dinamikasına göstərdiyi təsirlər dəyərləndirilib, yeni qlobal çağırışları daha dərindən dərk etmək üçün fikir mübadiləsi aparılıb.

“Dəyirmi masa” müzakirəsindən sonra SOCAR-ın prezidenti BP, “Total”, “Statoil”, “Petronas”, “Saudi Aramco” şirkətlərinin rəhbərləri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, bu görüşlərdə mövcud əməkdaşlıq çərçivəsində aktual məsələlər müzakirə olunub, yeni əməkdaşlıq imkanları araşdırılıb.

SOCAR-ın prezidenti R.Abdullayev “Şirkət Rəhbərlərinin “dəyirmi masa”sının təşkil olunmasını daha sonra bu cür şərh edib: “Qlobal energetika sahəsində sürətlə gedən proseslərin daha səmərəli idarə olunması üçün aparıcı şirkətlər arasında fikir mübadiləsi aparılmalıdır. Buna görə biz bu tipli müzakirələrin təşkil olunmasını müsbət dəyərləndiririk”.

O deyib: “Burada müzakirə etdiyimiz proseslər bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir. Yeni texnologiyaların sayəsində alternativ enerji mənbələrinin rolu artmaqdadır. Neft və qaz məhsulları isə gələcəkdə yalnız yanacaq mənbəyi kimi deyil, həm də daha çox müxtəlif plastik əşyaların, gübrə və qida məhsullarının hazırlanmasında mühüm rol oynamağa davam edəcək. Bu baxımdan, SOCAR-ın ötən illərdə daha çox neft və qaz emalı layihələrinə sərmayə qoymaqla əsas tutduğu strategiya, bu günün reallığına və gələcəyə nəzər saldıqda, özünü bir daha doğruldur”.

“Bu gün burada dünyanın aparıcı şirkətləri sırasında yer almağımız SOCAR-ın beynəlxalq səviyyədə nüfuzlu bir şirkətə çevrilməsinin göstəricisidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, SOCAR nəinki Azərbaycan daxilində, həm də dünya miqyasında mühüm rol oynayan bir şirkətdir və bu mövqeyindən istifadə edərək, həm ölkəmizin gəlirlərinə, həm də qlobal məsələlərin koordinasiyasına öz töhfəsini verməyə davam edəcək", - deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, “Şirkət Rəhbərlərinin “dəyirmi masa”sı adlı xüsusi tədbir Abu-Dabidə keçirilən nüfuzlu ADIPEC ümumdünya Neft-Qaz Sərgisi və Konfransının ərəfəsində təşkil edilib. Noyabrın 13-16-sı tarixlərində keçirilən həmin sərgi və konfransda 135 ölkədən olan 2000-dən çox şirkət təmsil olunur.

https://azertag.az/xeber/SOCAR_in_prezidenti_Abu_Dabide_dunyanin_aparici_neft_qaz_sirketlerinin_rehberleri_ile_gorusler_kechirib-1111237

Arxiv üzrə axtarış