2017-11-13

Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi haqqında danışılıb

Böyük Britaniya parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi müzakirələrdə Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı üçcildlik roman-tədqiqatının ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Britaniya parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, Bob Bləkman həmkarlarına bu dəyərli kitab vasitəsilə XX əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının ümummilli lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.

Britaniyalı deputat qeyd edib ki, üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bu kitab oxucunun diqqətini, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş insanların acı həyatına cəlb edir.

Xatırladaq ki, “TEAS Press” nəşriyyatında ingilis dilində çap edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının beynəlxalq təqdimatı cari il oktyabrın 31-də Böyük Britaniya parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

https://azertag.az/xeber/Britaniya_parlamentinde_Heyder_Aliyev_Sexsiyyet_ve_zaman_uchcildliyi_haqqinda_danisilib-1111170

Arxiv üzrə axtarış