2017-11-14

Prezident: Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” dəhlizi Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki nitqində ölkəmizin qarşısında duran vəzifələr barədə danışarkən nəqliyyat sahəsindəki hədəflərə toxunub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylərin yüklərin həcmini artırmaqdan ibarət olduğunu bildirib. Prezident İlham Əliyev deyib: “İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq”.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Azərbaycanda müasir texnologiyaların inkişafı, üçüncü süni peykin orbitə çıxarılması da gündəlikdə duran məsələlərdən biridir.

https://azertag.az/xeber/Prezident_Baki_Tbilisi_Qars_demir_yolu_ve_Simal_Cenub_dehlizi_Azerbaycani_evezolunmaz_neqliyyat_merkezine_chevirecek-1111759v

Arxiv üzrə axtarış