2017-11-18

Fransa portalı “Bakı Prosesi” haqqında yazır

Fransanın “Opinion Internationale” portalında “Sülhün təşviqi heç nəyə baxmayaraq yenə də Qafqazdan keçir...” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan və 10 illiyi qeyd edilən “Bakı Prosesi”ndən bəhs edilir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2008-ci ildə Prezident ilham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi”nin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin siyasi və iqtisadi böhranlarla üzləşməsindən, beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin işğalından söz açılır. Azərbaycanın zəngin təbii ehtiyatlarının olduğu vurğulanan məqalədə neft gəlirlərinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldiyi diqqətə çatdırılır.

Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün qlobal platforma yaratmaq məqsədilə “Bakı Prosesi”ni irəli sürməsindən, İpək Yolunun əhəmiyyətindən söhbət açır. İşğala məruz qalan ölkəmizin öz resurslarını təkcə iqtisadi və sosial inkişafa deyil, eyni zamanda, beynəlxalq səviyyədə dialoq və sülh ideyalarının təşviqinə sərf etdiyi vurğulanır, Qafqazın yeni geosiyasi konfiqurasiyasından söz açılır. Diqqətə çatdırılır ki, Şərq və Qərb, Cənub və Şimal arasındakı coğrafi kəsişmədə yerləşən Azərbaycan mühüm strateji məkan kimi özünü təsdiqləyib.

Məqalədə qeyd edilir ki, hazırda bir çox ölkələr dialoqa inanır, sərmayələr yatırmaqla, layihələrlə, fəal əməkdaşlıqla onu dəstəkləyir. Sülhməramlı ölkələrin, xüsusilə də Azərbaycanın göstərdiyi belə səylər dəstəklənməlidir. Bu ölkələr nəcib missiyalarını davam etdirməyə təşviq edilməlidir. Yalnız belə təşəbbüsləri dəstəkləməklə gələcək nəsillər üçün daha firavan gələcəyə nail olmaq olar.

https://azertag.az/xeber/Fransa_portali_Baki_Prosesi_haqqinda_yazir-1113046

Arxiv üzrə axtarış