2017-11-20

Azərbaycan-Rusiya əlaqələrinin perspektiv inkişaf istiqamətləri müzakirə edilib

Noyabrın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 2008-ci il 3 iyul tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.

Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər salıblar və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub, danışıqlarda canlanma və intensivliyin yaranması təqdir edilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlıq qeyd olunub. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lər arası siyasi məsləhətləşmə mexanizminin əhəmiyyəti vurğulanıb. Həmçinin 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin müddəaları əsasında, birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq ifadə olunub.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd olunub. İki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artması xüsusi olaraq bildirilib. Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etdirilməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirilib.

Söhbət zamanı humanitar sahədə ikitərəfli əməkdaşlıq proqramları əsasında mədəniyyət və ictimaiyyət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi yönündə müzakirələr aparılıb və iki ölkənin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının genişləndirilməsi, eyni zamanda, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Azerbaycan_Rusiya_elaqelerinin_perspektiv_inkisaf_istiqametleri_muzakire_edilib-1113358

Arxiv üzrə axtarış