2017-11-22

Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib

Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib.

Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə “Cənubi Qafqaz bazarları MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda biznes forum təşkil olunub.

AZƏRTAC xəbər verir ki, biznes forumda İsveçrənin bir çox aparıcı şirkətlərinin, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyini nəzərə alaraq, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Bakının “Expo 2025” Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə tədbir iştirakçıları qarşısında ətraflı təqdimatla çıxış edib.

Səfir X.İbrahimova çıxışında Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolu, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlər, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı strateji yol xəritələri, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlər barədə məlumat verib.

Azərbaycanın “Expo 2025” Sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd edən səfir ölkəmizin bu mötəbər tədbir üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğunu qeyd edib, İsveçrənin də özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini vurğulayıb və forumda iştirak edən İsveçrə şirkətlərini Bakının namizədliyinə dəstək verməyə çağırıb.

O, forum iştirakçılarının diqqətinə çatdırıb ki, “Expo 2025” Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcək. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını vurğulayıb. Qeyd edib ki, 2025-ci ilədək Bakını 100-dən çox məntəqə ilə birbaşa hava xətti birləşdirəcək.

Səfir X.İbrahimova “Expo 2025” Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcud olduğunu deyib, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.

Biznes forum çərçivəsində, həmçinin çıxış edən şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən “LafargeHolcim” şirkətinin nümayəndəsi Pyer Deleplank və “ABB” şirkətinin nümayəndəsi İqor Almazov öz təqdimatlarında təmsil etdikləri şirkətlərin tarixindən, Azərbaycandakı fəaliyyətindən, şirkətlərinin gördüyü işlərdən danışıblar. Onlar Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə öz təqdimatlarında geniş şəkildə yer ayıraraq, xarici investorlar üçün ölkəmizdə gözəl mühitin olduğunu vurğulayıblar.

Tədbir zamanı regionda fəaliyyət göstərən digər İsveçrə şirkətlərinin nümayəndələri də təqdimatla çıxış ediblər.

https://azertag.az/xeber/Surixde_Bakinin_Expo_2025_Sergisine_namized_seher_olmasi_ile_bagli_teqdimat_kechirilib-1113960

Arxiv üzrə axtarış