Hikmət Hacıyev: Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan həm də nasizmin təbliğini dövlət siyasətinə çevirib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT Baş Assambleyasında qəbul edilmiş “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə, ölkəmizin bu qətnamə ilə bağlı mövqeyi barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-Bu günlərdə BMT Baş Assambleyasında “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul edilib. Azərbaycan da bu qətnaməni dəstəkləyib. Bu barədə nə deyərdiniz?
-XX əsrin ən böyük təhlükələrindən olan faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük töhfələr və qurbanlar verib. 600 min nəfərdən artıq azərbaycanlı cəbhəyə yollanıb, onların 300 min nəfəri döyüşlərdə həlak olub. Cəbhədə yaralanmış 440 min nəfərdən çox insan arxa cəbhə kimi Azərbaycanda müalicə olunub. SSRİ-nin işğal olunmuş ərazilərindən çoxlu sayda qaçqın və məcburi köçkün, onların sırasında çoxsaylı yəhudi Azərbaycana pənah gətirib.
Ona görə də təbii olaraq, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində qəbul edilmiş “Faşizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı dövrü qətnamə daim Azərbaycan tərəfindən dəstəklənir. Hətta əvvəlki illərdə Azərbaycan sözügedən qətnamənin həmmüəllifi statusunda çıxış edib.
Rusiya Federasiyasının təşəbbüsü ilə qəbul olunan bu qətnamədə insanlar arasında təhlükəli ideologiyaların artmasından və ekstremist siyasi partiyaların, hərəkat və qrupların fəallaşmasından narahatlıq ifadə olunur və bu təhlükəli prosesin qarşısının alınması üçün adekvat tədbirlərin görülməsinin vacibliyi qeyd edilir. Orada, həmçinin tələb olunur ki, irqi üstünlük və ya nifrət, eləcə də irqi ayrı-seçkiliyin təhrikinə əsaslanan fikirlərin yayılması, onların maliyyələşdirilməsi, irqçi fəaliyyətə və zorakılıq aktlarına hər hansı bir yardım göstərilməsi halları qanunla cəzalandırılmalıdır.
-Ermənistan da sözügedən qətnamənin lehinə səs verir. Ermənistanda dövlət səviyyəsində faşizm ideologiyası, irqi ayrı-seçkilik və faşist Almaniyası ilə əməkdaşlıq edən şəxslər təbliğ edilir.
-Ermənistan Respublikasının qətnamənin lehinə səs verməsi əslində Ermənistanın növbəti riyakarlığıdır. Nasizmin təbliği bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.
Njde Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli ideologiyası bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Dövlət başçısı Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar partiyası Njdeni özlərinin lideri, ideoloji öndəri sayır. Ermənistan hökumətinin maliyyə dəstəyi ilə “Qaregin Njdenin təlimi” adlı kitab çap edilib və bu şəxs barəsində 7 milyon ABŞ dollarına ərsəyə gələn film çəkilib. Ermənistanın Rusiyadakı səfirliyi bu filmin və kitabın Moskvada təqdimatını keçirib. Ermənistanda 2016-cı il mayın 28-də Serj Sarkisyanın şəxsən iştirakı ilə Njde Qareginə Yerevanın mərkəzində böyük abidə qoyulub.
Ermənistanın bu dövlət siyasəti II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara, xüsusilə faşizm üzərində qələbənin əldə edilməsində misilsiz xidmətləri olan keçmiş SSRİ vətəndaşlarına hörmətsizliyin ifrat nümunəsidir.
Bütün bu əməllərin fonunda Ermənistan BMT Baş Assambleyasında sözügedən qətnamənin qəbul olunmasının lehinə səs verir.
-Ermənistanda faşizmlə bərabər terrorçuların da dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasəti aparılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Ümumiyyətlə, irqçi siyasət, ksenofobiya, dözümsüzlük və ekstremist ideologiya ilə terrorizm arasında birbaşa bağlılıq var.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq irqçi ideologiya əsasında yaradılmış erməni terror təşkilatı ASALA öz əməliyyat zonasını Yaxın Şərq, Avropa və Şimalı Amerikadan Cənubu Qafqaza keçirib. ASALA-nın terror əməliyyatları təcrübəsi və “modus operandisi” əsasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində 30-dan çox terror əməliyyatı törədilib. Bakı metrosunda törədilmiş terrorla Ermənistan və ASALA dünyada ilk “metro terrorizmi”ni həyata keçirib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qrupları bilavasitə iştirak ediblər.
ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan Ermənistanın milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə var. Monte Melkonyanın terrorçu “qəhrəmanlığı” Ermənistanda orta məktəb dərsliyinə daxil edilib.
1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu. Varujan Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir. Bu kimi hallar, ilk növbədə, həmin terror aktının qurbanı olan günahsız insanların ailələrinin hisslərinə toxunur.
Ritorik və müqayisəli şəkildə desək, o anlama gəlir ki, Parisdə Bataklan terrorunu törətmiş şəxs bir neçə ildən sonra həbsdən azad edilir və o, sonradan İŞİD tərəfindən “qəhrəman”laşdırılır?
Digər bir nümunə Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyandır. M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir, ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir. Murad Topalyan və onun digər tərəfdaşları Ermənistanın “milli qəhrəmanları” sırasındadır.
Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir.
Azərbaycan daim onun tərəfdarıdır ki, terrorizm, ekstremizm, ksenofobiya, aqressiv separatizm və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.