XİN: Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatı şərh edib.
Hikmət Hacıyev deyib: “Göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub.
Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini görməzliyə vurmaq Minsk qrupunun həmsədrlərinin mandatını inkar etmək deməkdir.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən ABŞ, Fransa və Rusiya) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;....silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Hikmət Hacıyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib.
Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.
Həmçinin 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası tərəfindən ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
BMT baş katibinin 1994-cü il 31 oktyabr tarixli, SG/SM/5469 nömrəli açıqlamasında isə aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. Birinci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. İkinci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. Üçüncü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. Dördüncü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”. Ermənistan indiyə qədər bu tələbləri yerinə yetirmir.
Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, həmsədr ölkələrin dövlət başçılarının Helsinki Yekun Aktı əsasında hazırlanmış Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarının da mahiyyəti Ermənistan xarici işlər naziri tərəfindən təhrif olunur. ATƏT-in ABŞ-dan olan həmsədrinin bu ilin avqustunda digər həmsədr ölkələrlə razılaşdırılmış şəkildə bu bəyanatlar əsasında münaqişənin həlli prinsipləri açıqlanan zaman Ermənistan xarici işlər nazirinin etirazı və biri digərini inkar edən bəyanatlar verməsi hamının yaxşı yadındadır.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan real faktlarla çıxış edir. Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülhün təmin edilməsi üçün danışıqlar bu əsasda aparılır.
Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır. Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edəcək.