Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında miqrantların problemlərindən danışıb
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Parisdə adıçəkilən komitənin iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, deputat Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda Ukraynada müharibənin humanitar nəticələri, Beynəlxalq Miqrant Günü, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və xilasetmə əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların inteqrasiyası və məcburi təhsilə cəlb edilməsi, qaçqınların və miqrantların insan alverinin asan hədəfi olması, məcburi köçkünlərin humanitar ehtiyacları kimi məsələlər müzakirə olunub, komitənin növbəti il üçün fəaliyyət proqramı müəyyənləşib.
Komitənin sədri Sahibə Qafarova “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” mövzusu üzrə hazırladığı məruzə barədə ətraflı məlumat verib. O, məruzənin hazırlanması prosesində keçirdiyi görüşlərdən, İtaliyanın paytaxtı Romada aparılan müzakirələrdən söz açıb. Deputat, həmçinin Avropada miqrasiyanın yaratdığı ciddi problemlərdən, miqrantlara qarşı qeyri-humanist münasibətdən, müsəlman icmalarına münasibətdə həyata keçirilən siyasətdən, onlara qarşı diskriminasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb. O, miqrantların inteqrasiyasının, onların diaspor cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsinin, miqrantların inteqrasiyasında diaspor cəmiyyətlərinin rolunun artırılmasının önəmini qeyd edib.