2017-12-11

AZƏRTAC-ın aprel döyüşləri ilə bağlı videoreportajı TRT Beynəlxalq Media Təhsil Proqramı çərçivəsində təqdim edilib VİDEO

Antalya, 11 dekabr, Aygün Həsənova, AZƏRTAC

AZƏRTAC-ın 2016-cı il aprel döyüşləri zamanı hazırladığı videoreportaj Antalyada 70 ölkədən 162 jurnalistin iştirak etdiyi Beynəlxalq Media Təhsil Proqramı (UMEP) çərçivəsində təqdim edilib.

Türkiyənin TRT telekanalı tərəfindən keçirilən V Təhsil Proqramında iştirakçıların hazırladığı videoreportajlara, sənədli filmlərə və müəllif proqramlarına baxışlar keçirilib. AZƏRTAC-ın təqdim etdiyi videoreportajda Azərbaycanın Tərtər rayonunun Qapanlı, Düyərli və başqa kəndlərindən ermənilərin dinc əhalini atəşə tutmasını göstərən kadrlar əks olunub. Süjet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusən də aprel döyüşləri zamanı ermənilərin mülki insanları hədəf seçmələrinin sübutu kimi diqqət çəkib. Video iştirakçılara həm Azərbaycan, həm də ingilis dillərində titrlərlə təqdim olunub.

Müzakirələr zamanı media nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilib. Qeyd olunub ki, hazırda Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına və Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edən AZƏRTAC Azərbaycan həqiqətlərinin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair məlumatların beynəlxalq aləmə çatdırılmasında bütün mümkün resurslardan geniş istifadə edir, 7 dildə xəbər və 5 dildə video yayır.

Xatırladaq ki, TRT-nin təşkil etdiyi V Beynəlxalq Media Təhsil Proqramında AZƏRTAC da təmsil olunur.

https://azertag.az/xeber/AZARTAC_in_aprel_doyusleri_ile_bagli_videoreportaji_TRT_Beynelxalq_Media_Tehsil_Proqrami_cherchivesinde_teqdim_edilib_VIDEO-1119883

Arxiv üzrə axtarış