Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri ilə yanaşı, dövlət və hökumət rəsmiləri də iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.
Tədbirdə Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib. Bildirilib ki, may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan qəbul barədə danışaraq deyib: “Azərbaycanın Birinci vitse-prezidenti həmin mərasimdə 320-dən çox nümayəndə qarşısında mühüm nitqlə çıxış etdi. Həmin qəbul zamanı biz ölkəmizi, onun namizədliyini, mədəniyyətimizi, mətbəximizi 160-dan çox ölkənin nümayəndələrinə təqdim etmək şansı qazandıq. “Ekspo” sərgisi digər mötəbər tədbirlərdən fərqlidir. Dünya sərgisi ictimaiyyəti məlumatlandırmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilə dünyanın müxtəlif ölkələrindən gələn insanlara xalqımızın qonaqpərvərliyini, füsunkar təbiətini nümayiş etdirmək imkanı qazanacağını deyən Anar Ələkbərov bildirib ki, ölkə iqtisadiyyatının bir çox sektorları da dünya sərgisinə ev sahibliyi faktından bəhrələnəcək.
Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdıran Anar Ələkbərov ölkəmizin “Ekspo” Ümumdünya Sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edərək deyib: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşib. Özünün unikal və geostrateji mövqeyi ilə ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticari və mədəni körpü rolunu oynayır. Qədim İpək Yolu müasir Azərbaycanın ərazisindən keçir. 1991-ci ildən müstəqillik bərpa olunduqdan sonra ölkəmizdə minlərlə məktəb, səhiyyə ocaqları, idman kompleksləri tikilib, yoxsulluq və işsizlik 5 faizdən aşağı səviyyəyə düşüb. Savadlılıq 99 faizdən artıqdır. İqtisadiyyatımız 2004-cü ildən bəri 3 dəfədən çox artıb. Bakı çoxmədəniyyətli və mədəniyyətlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevrilib. Biz dünyəvi cəmiyyətdə birgə yaşayırıq”.
Heydər Əliyev Mərkəzinin direktoru Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində “Ekspo 2020” Ümumdünya Sərgisi üçün əsas hazırlıqlardan biri hesab olunan 2-ci beynəlxalq iştirakçılar toplantısında iştirakı və Azərbaycan Respublikasının “Ekspo 2020 Dubay” sərgisində iştirakı haqda imzalanan müqavilə barədə də məlumat verib.
Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışan Anar Ələkbərov ölkəmizin bu günədək Dünya Dini Liderlərinin Sammiti, Bakı Beynəlxalq Humanitar forumları, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, “Bakı-2015” birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. O, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olduğunu deyən Anar Ələkbərov ölkəmizin 2000-ci ildən “Ekspo” sərgilərində iştirak etdiyini xatırladıb. O, 2015-ci ildə Milan şəhərində keçirilən “Ekspo” sərgisində Azərbaycanın milli pavilyonunun dizayn və məzmun baxımından böyük uğurla ziyarət edildiyini, “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonun mükafatla təltif olunduğunu bildirib. Birinci vitse-prezidentin köməkçisi “Ekspo 2016 Antalya” Beynəlxalq Botanika Sərgisində Azərbaycan pavilyonunun eksteryer və interyer bağçası nominasiyasında 1-ci yerə, Astanada keçirilən “Ekspo 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan Azərbaycan pavilyonunun “Sərgi dizaynı” nominasiyasında mükafata layiq görüldüyünü qeyd edib. Anar Ələkbərov Azərbaycanın Milan, Antalya və Astanada təşkil olunan ümumdünya sərgilərində yüksək səviyyədə iştirakına dövlətimiz tərəfindən göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan ölkə olduğunu bir daha vurğulayan Anar Ələkbərov ölkəmizdə 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə karate üzrə Avropa çempionatı və “Avro-2020” futbol yarışlarının qrup və dörddəbir final mərhələsinin oyunlarının keçiriləcəyini deyib. O, ölkəmizin avtomobil yarışlarına da uğurla ev sahibliyi etdiyini deyərək, Azərbaycan Avtomobil Federasiyasının yaxından iştirakı ilə Bakıda 2016-cı ildən Formula-1 yarışlarının təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini diqqətə çatdırıb. Anar Ələkbərov “Ekspo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini qeyd edib.
“Dünya Ekspo sərgisini qəbul etmək genişmiqyaslı mötəbər tədbirlərin təşkilində sübuta yetirdiyimiz təcrübənin məntiqi davamı olardı. Düşünürəm ki, “Ekspo 2025”də bütün dünyanı gözəl ölkəmizdə və paytaxtımızda salamlamaq zamanı yetişib”, - deyə Heydər Əliyev Mərkəzinin direktoru vurğulayıb.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov çıxışında “Ekspo 2025 Bakı” layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibini müəyyən edəcək seçkilərə qədər atılacaq addımlar barədə məlumat verib. Bildirib ki, 2017-ci ilin sentyabr ayının sonlarında Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə dair namizədlik dosyesi BSB-yə təqdim edilib. Növbəti on bir ay ərzində BSB Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün irəli sürülən mövzu və “Ekspo 2025” Ümumdünya Sərgisinin təşkili üçün hazırlanan layihə sənədi ilə yaxından tanış olacaq.
Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə noyabrın 14-də Parisdə təşkil olunan qəbulda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı və çıxışını dövlətimizin bu beynəlxalq tədbirə ev sahibliyinə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qiymətləndirib. Noyabrın 15-də isə Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyi etməsi üçün təqdimat keçirildiyini bildirib.
“Ekspo 2025 Bakı” bütün dünyanı birləşdirəcək, önəmli müzakirələrin aparıldığı, səmərəli işin görüldüyü qlobal platforma kimi təqdim olunmalıdır. Bu ideyalar Azərbaycanın uzunmüddətli milli inkişaf strategiyası ilə uyğunluq təşkil edir. “Ekspo 2025” sərgisi üçün Azərbaycanın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu da universal bir mövzudur və bəşəriyyət üçün aktualdır”, - deyən Elçin Əmirbəyov mövzunun Azərbaycan üçün vacib və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan bütün dünyanı bir araya gətirmək istəyir. Bununla da bəşəriyyətin, insanların inkişaf imkanlarını araşdırmaq üçün mühüm məqam yaranacaq. Onun sözlərinə görə, “Ekspo 2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi və bəşəriyyətin xeyrinə çıxış yollarının tapılması baxımından universal platforma rolunu oynayacaq.
Elçin Əmirbəyov BSB tərəfindən Ümumdünya Sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. O bildirib ki, “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər. Nümayəndə heyətinin rəhbəri sərginin Azərbaycanda yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yeni sərmayələrin qoyulması və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını bildirib. Vurğulayıb ki, “Ekspo 2025” Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycana daha çox qonağın gəlməsinə də müsbət təsir göstərəcək.
“Ekspo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri, eyni zamanda, BSB-nin qiymətləndirmə missiyasının 2018-ci ilin mart ayında Bakıya səfərinə hazırlıq işlərinin aparılması barədə məlumat verib. Pol Foster bildirib ki, “Ekspo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Paytaxtın davamı hesab edilə biləcək bu məkanın 200 hektar ərazisi var. Ərazinin Azərbaycan Respublikasının dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcəyi diqqətə çatdırılıb.
Pol Fosterin sözlərinə görə, qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik Azərbaycanın ilk dəfə olaraq Ümumdünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamından, bacarıq imkanlarından, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Bakı Azərbaycana təşrif buyuran hər bir turist üçün maraqlı, tarixi, gəzib-görməli yer olmaqla yanaşı, eyni zamanda, özünü təhlükəsiz hiss edəcəyi ən etibarlı şəhərdir. Pol Foster noyabrın 14-dən etibarən www.bakuexpo2025.com saytının fəaliyyətə başladığını bildirib. Saytda sərginin həyata keçirilməsi istiqamətində əsas məqamlar öz əksini tapıb.
Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi “Ekspo” mövzusu ilə bağlı videoçarxlar nümayiş olunub.