2017-12-14

Azərbaycan-Vatikan münasibətləri yüksək səviyyədədir

Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi Pol Riçard Qallager ilə görüşündə səslənib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin Vatikana səfərləri məmnunluqla xatırlanıb. Ölkəmizin Vatikanda bərpa işlərinə töhfələri yüksək qiymətləndirilib.

Səfir Rəhman Mustafayev Azərbaycanda mövcud olan tolerantlıqdan, ölkəmizin son illər mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən, bu sahədəki təcrübəsindən söz açıb. Qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayırlar.

Diplomat bildirib ki, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Tərəflər ikitərəfli görüşlərin müntəzəm xarakter daşıdığını qeyd edib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

R.Mustafayev ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair nəşrləri Pol Riçard Qallagerə hədiyyə edib.

Görüşdə Fransadakı səfirliyimizin konsulu Zaur Fərhadov da iştirak edib.

https://azertag.az/xeber/Azerbaycan_Vatikan_munasibetleri_yuksek_seviyyededir-1120764

Arxiv üzrə axtarış