Saltuk Düzyol: TANAP-ın dəniz hissəsinin inşası yekunlaşıb
Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Dardanel boğazından keçən hissəsinin tikintisi başa çatıb.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, TANAP-ın Dardanel boğazından keçən 36 düymlük 18 kilometr uzunluğundakı qoşa boru kəməri və fiber optik kabelin dəniz altına döşənməsi işləri artıq tamamlanıb. Hazırda boru kəmərinin üzəri örtülərək mühafizə olunur. Həmçinin boru kəmərinin quruya çıxdığı hər iki sahildə isə bərpa işləri görülür.
Xatırladaq ki, boru kəmərinin Dardanel boğazından keçəcək 2x36 düymlük dəniz hissəsi üzrə ötən il iyulun 27-də “TANAP Doğal Gaz İletim A.Ş.” şirkəti ilə “SapuraKencana” şirkəti arasında müqavilə imzalanıb.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir - Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi və Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün görülən işlər. Bu vaxtadək layihənin ümumilikdə 88 faizədək hissəsi icra edilib.
TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
https://azertag.az/xeber/Saltuk_Duzyol_TANAP_in_deniz_hissesinin_insasi_yekunlasib-1122202