2017-12-25

Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Dekabrın 25-də Milli Məclisdə BMT ilə birgə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT tərəfindən “2030 - Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihənin 2015-ci ildə hazırlandığını bildirib. Qeyd edib ki, bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun ciddi addımlar atır. Baş nazirin müavini vurğulayıb ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur. Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə, ümumi mənzərənin dəyişdirilməsi məqsədilə həyata keçirilir. Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi nəzərdə tutulub. Layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyənləşdirilib. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədlərinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə ciddi addımlar atılır. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” yaradıb. Şuraya yüksək statuslu dövlət məmurları cəlb edilib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır və ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir.

Konfransda Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir konfransın Milli Məclisdə keçirilməsi təqdirəlayiqdir. Qeyd edilib ki, müzakirəyə çıxarılan “Dayanıqlı İnkişaf üzrə gündəlik” layihəsində 2015-ci ildən 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələlər öz əksini tapır. Burada hansı addımların atılacağı, problemlərin həlli istiqamətində hansı işlərin görüləcəyi barədə müəyyən proqramlar mövcuddur. Dünya dövlətləri bir yerdə bu məsələlərin öhdəsindən gəlməlidirlər. Yoxsulluq, aclıq, miqrant problemləri və digər sosial-iqtisadi qayğılar bütün dünyanı narahat edən məsələlərdir. Bu gün dünya çox narahat bir vəziyyətdədir, Yaxın Şərq ölkələrində müharibələr gedir, miqrant və qaçqın problemi mövcuddur. Neçə illərdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Böyük dövlətlər bu problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Dünyanın, xüsusilə iri dövlətləri həm sözdə, həm də əməli fəaliyyətdə birlik nümayiş etdirsələr, onda bu problemlər tezliklə həll olunar, dayanıqlı inkişaf hədəflərinə nail olunması prosesi asanlaşar. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” yaradılması Azərbaycanın həmin məsələyə nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT Azərbaycan ilə əməkdaşlıqdan çox məmnundur. Qeyd edib ki, ölkəmizlə qurum arasında əlaqələr müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası münasibətləri əhatə edir. Qulam İshaqzai vurğulayıb ki, Azərbaycanda dayanıqlı inkişafla bağlı xeyli işlər görülür. Prezident İlham Əliyevin “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Fərmanı da çox təqdirəlayiqdir.

Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədləri üzrə sosial aspektlərin həyata keçirilməsində parlamentin rolu”, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzularında çıxışlar ediblər.

Sonra müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

Arxiv üzrə axtarış