2017-12-27

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında münasibətlər ortaq tarixi, etnik və mədəni köklərə əsaslanır. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verir. Bu əsnada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri və səfər çərçivəsində imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyində Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevlə keçirilən görüşdə səslənib.

Nazir Elmar Məmmədyarovla keçirilən görüşdə bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu, bu çərçivədə yüksək səviyyəli qarşılıqlı təbrik məktubları mübadiləsinin, Qazaxıstanda və Azərbaycanda müxtəlif tədbirlərin həyata keçirildiyi bildirilib.

Söhbət zamanı hökumətlərarası birgə komissiyanın ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafında və qarşılıqlı faydalı birgə layihələrin müəyyən edilməsində mühüm rol oynadığı və komissiyanın bu il məhsuldar iclasının keçirildiyi vurğulanıb.

Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətinə də toxunulub, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir Qazaxıstanın Azərbaycan ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyi və ikitərəfli münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə Prezident Nursultan Nazarbayevin Fərmanı ilə Elmar Məmmədyarovun təltif edildiyi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi” medalını nazirə təqdim edib.

Elmar Məmmədyarov medala görə təşəkkürünü bildirib.

https://azertag.az/xeber/Azerbaycan_ile_Qazaxistan_arasinda_elaqeler_yuksek_seviyyededir-1124729

Arxiv üzrə axtarış