2017-12-29

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub VİDEO

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayram münasibətilə təbriklərini çatdırıb.

Ölkələrimiz arasındakı diplomatik münasibətlərə toxunan səfir 2017-ci ilin müsbət yekunlarından, Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərlərindən və bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan verməsindən, qarşıdan gələn ilin daha da uğurlu olacağından söz açıb. Diplomat bu bayramın əhəmiyyətini qeyd edib, onun azərbaycanlıları birliyə, əməkdaşlığa çağırdığını vurğulayıb. Fransa kimi bir ölkədə Azərbaycan icmasının birliyə, koordinasiyaya böyük ehtiyacının olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Fransada geniş qeyd olunacaq.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinin, rəhbərlik etdiyi nümayəndəliyin və icma üzvlərinin birgə fəaliyyəti gələcək böyük uğurların təməlidir. Qeyd edilib ki, Fransada yaşayan bütün azərbaycanlılar böyük bir ailədir. Müstəqilliyimizin çətinliklə əldə edildiyini xatırladan A. Kərimov gücümüzün həmrəyliyin bəhrəsi olduğunu vurğulayıb, icma üzvlərini həmrəyliyi daha da möhkəmləndirməyə səsləyib.

Sonra icma üzvləri gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Tarix üzrə tədqiqatçı Edit İber bildirib ki, ilk dəfə 1985-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş musiqişünasların beynəlxalq toplantısına iştirak edən həyat yoldaşı ilə birlikdə Bakıda olub. Bu səfər çərçivəsində onlar hətta Şuşaya da gediblər. O, doktorluq dissertasiyasının mövzusunun 1920-ci ilin sentyabr ayında Bakıda keçirilmiş “Şərq xalqlarının birinci Konqresi” haqqında olduğunu qeyd edib. Tədqiqatçı bildirib: “Doktorluq mövzum mənə Bakını daha yaxından tanımağa imkan verdi. Sonra dəfələrlə Bakıya səfər etdim, Bakı Dövlət Universitetində və Mərkəzi Kitabxanada tədqiqatla məşğul oldum. Bakı ilə hər tanışlıq məni heyran və cəlb edirdi”.

E. İber deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Parisdə yaşayan Azərbaycan icmasının üzvləri ilə birgə onların bayramını qeyd etməkdən və sevincini bölüşməkdən məmnundur.

Sonra dünya şöhrətli fotoqraf Reza Deqati Həmrəylik Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Dünyanı gəzib dolaşan fotoqraf hər yerdə həmvətənlərimizin vəhdətini gördüyünü bildirib. O qeyd edib ki, Azərbaycan mədəniyyət sahəsində dünyaya çox töhfələr verib və bundan sonra da verəcək.

https://azertag.az/xeber/Parisde_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_qeyd_olunub-1125125

Arxiv üzrə axtarış