Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Prezident İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilir. “Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik”, - deyə dövlətimizin başçısı qeyd edir.
Prezident İlham Əliyev vurğulayır ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir.
Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirən dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Bu nurlu bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.