Mariya Zaxarova: ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlaması tam cəfəngiyyatdır
ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlaması tam cəfəngiyyatdır. Bunu o şəxslər deyə bilərdi ki, bu ölkədə olmayıblar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü bu sözləri keçirdiyi brifinqdə Azərbaycanın və Rusiyanın ABŞ vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr siyahısına daxil olunmasını şərh edərək söyləyib.
AZƏRTAC xəbər verir ki, M.Zaxarova Azərbaycanın istər idman, istərsə də mədəniyyət sahəsində beynəlxalq miqyaslı tədbirləri çox uğurla keçirməsini qeyd edib. O deyib: “Görünür, bizim qərbli tərəfdaşlarımız elə hesab edirlər ki, bizi həmişə “tonusda” saxlamaq lazımdır. Onların fikrincə, nəyəsə nail ola bilən, o cümlədən turizm sahəsində uğur qazanan, qonaqpərvər ölkələr unutmamalıdırlar ki, təbliğat vasitəsilə, uydurma materiallar vasitəsilə müəyyən təhlükə obrazı yaratmaq həmişə mümkündür. Bunu o adamlar yaza bilərdi ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə, həm də böyük məmnuniyyətlə Azərbaycanda, Bakıda olmuş, onun tarixi mərkəzini, restoranlarını, muzeylərini görmüş, orada çoxlu dostları olan bir insan kimi tam səmimiyyətlə deyə bilərəm ki, turistlərin Azərbaycana getmələrini məsləhət görməmək sadəcə cəfəngiyyatdır. Bunu yalnız o adamlar deyə bilər ki, onların Azərbaycan barədə təsəvvürləri yoxdur, bu ölkənin mədəniyyəti, onun siyasi reallıqları haqqında heç nə bilmirlər. Ümumiyyətlə, mən həmin adamların Azərbaycanı xəritədə göstərə biləcəklərinə şübhə edirəm”.
M.Zaxarova vurğulayıb ki, ABŞ Dövlət Departamentinin yanvarın 10-da dərc edilmiş tövsiyələri ciddi anlaşılmazlıq doğurur. Həmin tövsiyələrdə Rusiya elə bir ölkə kimi qələmə verilir ki, guya oraya getməmək yaxşıdır, çünki “orada təhlükəsizlik baxımından ciddi risklər var, vəziyyət hər an dəyişə bilər”.
RF XİN-in rəsmi nümayəndəsi deyib: “Onların nəyi nəzərdə tutduqlarını anlamaq mümkün deyil. Heç bir əsası olmayan bu cür bəyanatların məqsədi ABŞ-da antirusiya isteriyasına növbəti təkan vermək, amerikalılar arasında Rusiyaya qarşı əsl heyvani qorxu hissi yaymaqdır”. O, ABŞ Dövlət Departamentinin bu yaxınlarda dəhşətli terror aktları törədilmiş Böyük Britaniya, Fransa, İspaniya və Belçikanı daha təhlükəsiz ölkələr hesab etməsini “tam absurd” adlandırıb.