Sergey Lavrov: Azərbaycanla strateji tərəfdaşlıqdan məmnunuq
Rusiya ilə Azərbaycanın münasibətləri iki ölkənin prezidentləri və xarici işlər nazirləri səviyyəsində intensiv dialoqa əsaslanır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri Moskvada keçirdiyi mətbuat konfransında söyləyib.
Sergey Lavrov deyib: “Ötən il azərbaycanlı həmkarımla qarşılıqlı səfərlər keçirmişik. İki ölkə arasında müntəzəm olaraq humanitar tədbirlər keçirilir. Buna nümunə kimi, Humanitar Forumu və başqa tədbirləri göstərmək olar. Ölkələrimiz arasında qarşılıqlı əmtəə dövriyyəsinin və investisiyaların həcmi artmaqdadır. Bu münasibətlər öz axarı ilə inkişaf edir. Ona görə də həmin münasibətlərin reqlamentləşdirilməsi üçün xüsusi sənədlər tələb olunur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz Azərbaycanla strateji tərəfdaşlıqdan məmnunuq”.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə suala cavabında vurğulayıb: “Bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycandan və Ermənistandan müəyyən pozitiv impulslar daxil olacağını gözləyirik. Sevindirici haldır ki, ötən il prezidentlər və nazirlər görüşüblər. Həmin görüşlərdə həmsədr ölkələrin nümayəndələri də iştirak ediblər”.
S.Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdır. Nazir deyib: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.
Nazir qeyd edib ki, Rusiya, ABŞ və Fransa birlikdə bu cür tənzimləməyə şərait yaradılması üçün nə mümkündürsə edirlər.
https://azertag.az/xeber/Sergey_Lavrov_Azerbaycanla_strateji_terefdasliqdan_memnunuq-1128370