2018-01-16

Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə ediblər.

Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əməkdaşlığın tarixi və rəmzi köklərə əsaslandığını bildirən nazir Elmar Məmmədyarov 2018-ci ildə 100 illiyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə 50-ə yaxın azərbaycanlı tələbənin Fransanın müxtəlif elm ocaqlarında təhsil aldığını diqqətə çatdırıb. Bu xüsusda, tələbələrin Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində müxtəlif ixtisaslara, o cümlədən gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. ixtisaslara yiyələndiklərini əlavə edib.

Nazirlər, həmçinin qarşılıqlı olaraq dil və mədəniyyətin tədrisində uğurlu təcrübənin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu xüsusda, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun tədris proqramlarına Azərbaycan dilinin əlavə edilməsi, Bakı Fransız Liseyinin açılması, Azərbaycanda fransız dilinin tədrisinin genişlənməsinin təqdirəlayiq olduğu bildirilib.

Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan Birgə Azərbaycan-Fransız Universitetinin təsis olunması və fəaliyyəti qeyd edilib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın istiqamətlərindən birinin də Fransa Hökuməti tərəfindən Azərbaycan vətəndaşlarına verilən təqaüd proqramlarının olduğunu vurğulayıb və təqaüdlərin sayının artırılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Fredrik Vidal 2017-ci ildə Azərbaycana 50 tələbə yeri üçün təqaüdün verildiyini qeyd edib və ERASMUS Proqramı çərçivəsində tələbə mübadiləsinin uğurla davam etdirildiyini bildirib.

Elmar Məmmədyarovun fransız tələbələrin Azərbaycanda təhsil almaları və tədqiqatlar aparmaları dəvətinə münasibətdə F.Vidal bu təklifin maraqlı ola biləcəyini və bu istiqamətdə Fransa tərəfinin əməkdaşlığa hazır olduğunu deyib.

Görüşdə, həmçinin Fransanın Strasburq Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq, Fransa arxivlərində Azərbaycan mühacir hökumətinin Fransada fəaliyyətini özündə əks etdirən sənədlərin mövcudluğunu, eyni zamanda, Azərbaycan arxivlərində Fransaya aid diplomatik, mədəniyyət və digər sahələrə aid sənədlərin mühafizə edildiyini nəzərə alaraq, arxivlərin qarşılıqlı istifadəsinin genişləndirilməsi məsələsi müzakirə edilib.

https://azertag.az/xeber/Azerbaycan_ile_Fransa_arasinda_tehsil_sahesinde_elaqelerin_inkisafi_muzakire_olunub-1128778

Arxiv üzrə axtarış