2018-01-18

Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub

Fransa Milli Assambleyasında Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Avropanın qonşusunu tanımaq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən CAPE-nin nəşr direktoru Didye Şode Cənubi Qafqazın geosiyasəti mənzərəsi haqqında məlumat verib. Konfransın Azərbaycana həsr edildiyini bildirən D.Şode Cənubi Qafqazın siyasi, sosial, təhlükəsizlik və diplomatik inkişafının Avropaya birbaşa təsiri və onun maraq dairəsində olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın regionda roluna toxunaraq, qonşu böyük dövlətlərlə münasibətlərindən, eləcə də dünyanın aparıcı ölkələrinin ölkəmizə maraqlarından, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng beynəlxalq layihələrdən söz açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bir milyon azərbaycanlının doğma yurdundan didərgin salnmasından danışan D.Şode Fransanın bu münaqişənin həllinə töhfə verməsinin vaxtı çatdığını bildirib.

Brüssel Azad Universitetinin müstəqil tədqiqatçısı Sebatyen Bussua Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan danışıb. Hələ XIX əsrdə dünya nəhənglərinin, Rotşild, Nobel kimi xarici sərmayəçilərin ölkəmizə maraqlarından danışan S.Bussua Xəzərin dünyada ən böyük neft və qaz ehtiyatlarından birinə malik olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

O, regionun ən zəngin ölkəsi olan Azərbaycanı neft ehtiyatlarına görə “Qafqazın əjdahası” adlandırıldığını bildirib. Neftin nəqli yollarının şaxələndirilməsi siyasəti, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng boru kəmərləri haqqında məlumat verib.

“Cənubi Qafqazın digər ölkələri – nə Gürcüstan, nə də Ermənistan heç bir sahədə Azərbaycan ilə rəqabət apara bilməz. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin balanslaşdırılmasında mühüm böyük rol oynayır”, - deyə S.Bussua diqqətə çatdırıb.

Tarixçi və jurnalist Jil Mihaeli çıxışında daha çox antropoloji sahəyə toxunaraq Bakının hələ qədim zamanlardan kosmopolit şəhər olmasından, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşamalarından söz açıb.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə, 2016-cı ilin aprel döyüşlərinə toxunub. Tarixçi alim aprel döyüşlərinin onun münaqişə ilə bağlı fikirlərini tamamilə dəyişdiyini, Azərbaycanın gücünü aydın şəkildə göstərdiyini bildirib.

Siyasi elmlər üzrə tədqiqatçı Səid Musayev Azərbaycanın multikultural ənənələrindən, bu zəngin irsin qorunub saxlanılmasından söz açıb. Azərbaycanın bu sahədə digər ölkələrə nümunə olduğu və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edildiyi diqqətə çatdırılıb. O, Azərbaycanda yaşayan etnik qrupların bir ailənin üzvləri kimi mehriban yaşadıqlarını vurğulayıb.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Didye Şode AZƏRTAC-a müsahibəsində belə konfransların ölkəmizin təbliğində rolunu vurğulayıb. Bildirib ki, Fransa Milli Assambleyasında deputatlara, siyasi təhlilçilərə Azərbaycanla bağlı ətraflı məlumatın verilməsi vacibdir və buna ehtiyac var. Bütün sahələrlə bağlı geniş məlumat verildi, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Artıq böyük dövlətlər münaqişə ilə bağlı yanaşmanı dəyişməlidirlər. Köhnə metodlara son qoyulmalıdır.

Milli Assambleyada Fransa–Azərbaycan dostluq qrupunun üzvü Jülyen Borovczik konfransın əhəmiyyətinə toxunaraq, onun Azərbaycanın yaxından tanınmasına böyük töhfə olduğunu vurğulayıb. Ölkəmizin Parisdə kifayət qədər tanındığını bildirən deputat artıq əyalətlərdə də təbliğat tədbirlərinin təşkilinin vacibliyini qeyd edib: “Bəzi deputatlar Dağlıq Qarabağa səfər ediblər, bəzi fransız şəhərləri ilə sazişlər imzalanıb. Bütün bunlar ikili yanaşmadır. Fransa Azərbaycan ilə dost olmaq istəyirsə onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

https://azertag.az/xeber/Fransa_Milli_Assambleyasinda_Azerbaycana_dair_konfrans_teskil_olunub-1129267

Arxiv üzrə axtarış