2018-01-17

Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam edir VİDEO

Yanvarın 17-də Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri ölkələrimizin rəsmiləri arasındakı görüşlərin, regional məsələlərə dair müzakirələrin artıq müntəzəm xarakter aldığını bildirib. Qeyd edilib ki, dövlət başçılarının səyləri nəticəsində əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam edir.

Sədr vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir. Təqdirəlayiq haldır ki, 2014-cü ilin aprelində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatında baş tutmuş bu cür görüşlər bu gün iki qardaş ölkə arasında da uğurla davam etdirilir. Milli Məclis gələcəkdə bu cür çoxtərəfli tədbirlərin keçirilməsini dəstəkləyir. TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müvafiq komitələri səviyyəsində belə müzakirələrin keçirilməsi informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir. Komitə və komissiyaların birgə iclasında müzakirə olunan məsələlər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək baxımından böyük əhəmiyyət daşıyır.

Oqtay Əsədov Milli Məclislə TBMM arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, parlamentdə Türkiyə ilə dostluq qrupunun ən böyük qrup olduğunu söyləyib. Sədr parlamentlərin müvafiq qurumları arasında birgə tədbirlərin keçirilməsinə hər cür dəstək verəcəklərini bir daha bildirib.

Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. O qeyd edib ki, TBMM-in xarici əlaqələr komitəsinin üzvlərinin cari ildə ilk səfəri məhz Azərbaycana olub. Bu səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının işğaldan azad olunmasının bir əsrlik yubileyi ərəfəsində baş tutması özü rəmzi məna daşıyır.

Qonaq Şəhidlər xiyabanını ziyarət edərkən buradakı azyaşlı uşaqların müstəqillik uğrunda öz canlarını qurban vermiş Azərbaycan övladlarını ziyarət etməsinin və müstəqil Azərbaycan barədə şeirlər söyləməsinin onda qürur hissi oyatdığını deyib. Bildirilib ki, qardaş Türkiyə xalqı Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevinir və hər zaman Azərbaycan xalqı ilə birlikdədir.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin səhiyyə komitəsinin sədri və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

https://azertag.az/xeber/Azerbaycan_Turkiye_emekdasligi_parlamentler_seviyyesinde_de_muveffeqiyyetle_davam_edir_VIDEO-1129069

Arxiv üzrə axtarış