Ermənilərin Qaradağlıda törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1992-ci ildə Qaradağlının işğalından sonra Xocavəndin Haramı düzü adlanan ərazisində salınmış Qaradağlı qəsəbəsində təşkil olunan tədbirdə Xocavənd rayon icra hakimiyyətin nümayəndələri, Qaradağlı kənd sakinləri, Beyləqan rayon ərazisində məskunlaşan xocavəndlilər və “N” saylı hərbi hissənin hərbçiləri iştirak ediblər.
Mərasim iştirakçıları həmin gün şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış “Qaradağlı şəhidləri” abidə kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Fevral ayının 13-dən ermənilərin kəndə silahlı hücumuna 4 gün müqavimət göstərilib. Fevralın 17-də qeyri-bərabər döyüşdə kəndi müdafiə edən özünümüdafiə batalyonunun silah sursatı tükəndiyindən yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib. 80 nəfər Qaradağlı sakini şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfər ermənilərin işgəncəsinə tab gətirə bilmədiyindən həyatını itirib. 46 nəfər erməni girovluğundan azad olub.