Rəcəb Tayyib Ərdoğan: İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb VİDEO
Xocalı faciəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
“Dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya bununla bağlı çıxışlar edən bir ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, duymaz, hiss etməzlər. Amma hər kəs unutsa da biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.
Toplantıya Azərbaycandan da nümayəndələr qatılıb. Belə ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyn Böyükfırat və Xocalıdan olan deputat Elman Məmmədovla birgə Xocalı faciəsinin bir qrup şahidi tədbirdə iştirak edib.
Azərbaycan nümayəndələri bu gün Bakı vaxtı ilə saat 22.00-da TRT kanalının “Anadolu soruyor” verilişinin qonağı olacaqlar. Verilişdə Xocalı soyqırımı ilə bağlı müzakirələr aparılacaq, suallar cavablandırılacaq.
Xatırladaq ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə müxtəlif anım tədbirləri keçirilir.