Maykl Muller: Azərbaycan təcrübəsi BMT çərçivəsində təşviq edilməlidir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Muller ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ötən il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam olduğunu qeyd edən nazir Elmar Məmmədyarov ölkəmizdə sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi sahəsində aparılan siyasət, əldə olunmuş uğurlar barədə məlumat verib.
Elmar Məmmədyarov Azərbaycanın BMT-nin müxtəlif strukturlarında fəal iştirak etməklə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasına və 2017-2019-cu illər üçün yenidən İqtisadi və Sosial Şuraya seçildiyini deyərək ölkəmizin, həmçinin BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirak etdiyini vurğulayıb. Azərbaycanın BMT-nin 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən nazir ölkəmizin milli inkişaf strategiyasını Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün bir sıra dövlət proqramlarını qəbul etdiyini bildirib.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verib və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
M.Muller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirdi. BMT tərəfindən qəbul edilən və 17 sahəni əhatə edən “2030: Davamlı İnkişaf Hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlərin görüldüyünü bildirən M.Muller ölkəmizin təcrübəsinin BMT çərçivəsində təşviq edilməli olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsinə Azərbaycan dövlətinin hədiyyəsi olaraq təqdim edilən “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin mövcud müsbət əməkdaşlığımızın rəmzi nümunəsi olduğunu deyib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.