2018-03-01

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert təşkil edilib VİDEO

Parisin 4-cü rayonunda Notr-Dam-de-Blan-Manto kilsəsində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Rəhman Mustafayev Xocalı qətliamının müasir tariximizin ən qanlı səhifəsi olduğunu bildirib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağın 7 min əhalisi olan Xocalı şəhərinə hücum etməsindən, dinc əhalini amansızlıqla kütləvi şəkildə qətlə yetirməsindən, bu hücumdan canını qurtarmağa çalışan insanları atəşə tutmasından danışıb.

Diplomat Ermənistanın indiki prezidenti Serj Sarkisyanın Xocalıda törədilən cinayətlərdə birbaşa iştirak etdiyini, bu cinayətlərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən qətliamın miqyası və xarakterini nəzərə alaraq bir sıra ölkələrin parlamentləri bu faciəni kütləvi qırğın və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib. “Fransa parlamentinin də bu beynəlxalq kampaniyanı dəstəkləyəcəyinə, Xocalı şəhərində törədilmiş cinayətlərə siyasi və hüquqi qiymət verəcəyinə ümid edirəm. Biz demokratik ruhu və aktiv ictimai fikri ilə fərqlənən Fransanın dəstəyinə ümid edirik”, – deyə səfir vurğulayıb.

R.Mustafayev Xocalı faciəsinin törədilməsinin əsas səbəbinin erməni silahlı dəstələri və siyasətçilərinin Azərbaycan xalqına qarşı əvvəllər də həyata keçirdikləri bütün müharibə cinayətlərinin cəzasız qalması olduğunu deyib. Səfir qeyd edib ki, azərbaycanlıların dəfələrlə erməni təcavüzünə məruz qalmalarının dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlayıb. Bu kampaniyanın əsas məqsədi faciənin əsas səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, torpaqlarımızın 20 faizinin işğal olunduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq və münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olmaqdır.

Erməni silahlı qüvvələrinin cinayətlərinin mühakimə olunması məqsədilə keçirilən bu beynəlxalq kampaniya Azərbaycanın amansızlıqla qətlə yetirilmiş dinc vətəndaşlarının xatirəsini anmaq üçün böyük əhəmiyyət daşıyır. Bu, bütün dünya xalqları üçün də vacibdir. Belə cinayətlər cəzasız qalmamalıdır. “Bu gün insan hüquqları ilə bağlı debatlar Avropada dəbdədir. Qətlə yetirilmiş və işgəncələrə məruz qalmış insanların da hüquqları var. Təəssüf ki, bu gün biz bu hüquqları onlara verə bilmirik. Bu gün bizim onlara verə biləcəyimiz təkcə onların xatirələrini anmaqdır”, - deyə diplomat diqqətə çatdırıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O deyib ki, münaqişə sülh yolu ilə, ədalətli şəkildə həll olunmalıdır. Fransa bununla bağlı yeni təşəbbüslər irəli sürməlidir. Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmalı, ermənilər və azərbaycanlılar arasında davamlı sülh yaradılmalıdır.

Jan Fransua Mansel deyib ki, faciəvi hadisələr unudulmamalıdır. Genosid qurbanlarının xatirəsini unutmamaq borcumuzdur. Xocalı soyqırımının qurbanlarının xatirəsi daim qəlbimizdədir. Yaxınları üçün göz yaşı axıdan azərbaycanlılar haqqında düşündüyümüzü, onların yanında olduğumuzu, kədərlərini bölüşdüyümüzü bildiririk.

Sonra fransalı bəstəkar Helyos Azuley çıxış edərək bu xatirə konsertində iştirak etməkdən şərəf duyduğunu bildirib. O qeyd edib ki, hələ kiçik yaşlarından unudulmuş musiqiləri, yəni, həbs düşərgələrində, deportasiyalarla bağlı bəstələnmiş musiqiləri ifa edir. Bəstəkar musiqinin xatirələrin yeni nəsillərə ötürülməsi üçün ən yüksək vasitə olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycanın Əməkdar Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru Eyyub Quliyevin rəhbərliyi ilə “Helyos” orkestri Qara Qarayevin, Fikrət Əmirovun, İohaan Sebastyan Baxın, Fərhad Bədəlbəylinin, Helyos Azuleyin əsərlərini səsləndirib.

Anım tədbirində gənc bəstəkar və mahir pianoçu Etibar Əsədlinin Xocalı qırğını qurbanlarına həsr etdiyi “Exit” əsəri ilk dəfə ifa olunub. Emosiyalarla dolu əsər dinləyicilərdə zəngin təəssürat yaradıb.

Anım konsertindən sonra Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa AZƏRTAC-a müsahibəsində bildirib ki, Fransa deputatlarının, ictimai xadimlərinin, siyasətçilərinin bu axşam burada iştirakı Fransa cəmiyyətinin Xocalı qətliamı ilə daha çox məlumatlandırılması baxımından önəmlidir. Hər il biz Xocalı faciəsi ilə bağlı aparılan təbliğatın müsbət nəticələrinin və daha geniş təbəqəni əhatə etdiyinin şahidi oluruq. Hər il belə anım tədbirləri təşkil edərək bu faciəni xatırlamaq və xatırlatmaq vacibdir. “Azərbaycanın dərdi bizim dərdimiz, bizim dərdimiz isə Azərbaycanın dərdidir. Biz bir millət, iki dövlətik. Əgər hər hansı bir yerdə Azərbaycan varsa, Türkiyə yoxdursa, Azərbaycan Türkiyənin də mövqeyini müdafiə edir, eləcə də Azərbaycan yoxdursa, Türkiyə onun mövqeyini müdafiə edir.

“Musique Incidentale” ansamblının musiqi direktoru, fransız bəstəkar Helyos Azuley anım konserti ilə bağlı təəssüratlarını bölüşərək bildirib: “Musiqinin xüsusi gücü var. Musiqi çox müsbət təsirə malikdir. Xocalı soyqırımının, eləcə də digər soyqırımlarının qurbanlarının xatirəsinin musiqi ilə anılması ən gözəl vasitədir. Parisdə Xocalı ilə bağlı təşkil olunmuş anım tədbirlərində iştirak etmişəm. İndi isə arzum Azərbaycana getmək və bu musiqini soyqırımı qurbanlarının vətənində ifa etməkdir”.

https://azertag.az/xeber/1141231

Arxiv üzrə axtarış