2018-03-05

Nazir Nasser Bourita: Mərakeş Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita martın 5-də Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında söyləyib.

Nazir deyib: “Bir çox məsələlərdə oxşarlıqlarımız var. Əlaqələrimiz qarşılıqlı anlaşma əsasında qurulur. Biz Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq. İqtisadi əlaqələrimizin də siyasi sahədə olduğu kimi, sıx olmasını istəyirik. Bunun üçün hüquqi baza yaradılacaq. Daha çox sənəd imzalanmalıdır ki, ikitərəfli əlaqələr gücləndirilsin. İqtisadi əlaqələrin inkişafı üçün investorlar da cəlb olunmalıdır”.

Nazir qeyd edib ki, onun Azərbaycana səfəri siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün böyük imkan yaradıb. Nasser Bourita terrorizmə və islamofobiyaya qarşı mübarizədə hər iki ölkənin təcrübəyə malik olduğunu deyib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanla Mərakeş arasında münasibətlərinin əsası vaxtılə ümummilli lider Heydər Əliyevin Kral II Həsən ilə Kasablankada görüşü zamanı qoyulub. Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini xatırladan nazir ölkələrimizin biznes dairələri arasında birbaşa əlaqələrin yaradılmasına, biznes forumların keçirilməsinə dair razılıq əldə olunduğunu vurğulayıb. O, Azərbaycanın Mərakeşlə biznes, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Elmar Məmmədyarov mərakeşli nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verdiyini diqqətə çatdırıb.

https://azertag.az/xeber/Nazir_Nasser_Bourita_Merakes_Azerbaycanin_erazi_butovluyunu_tam_destekleyir-1142116

Arxiv üzrə axtarış