2018-03-12

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulandı və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi bildirildi. Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə, eyni zamanda, Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunuldu. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.

Georgi Tsereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğuladı.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_ATAT_Parlament_Assambleyasinin_sedrinin_rehberlik_etdiyi_numayende_heyetini_qebul_edib_YENILANIB_VIDEO-1143796

Arxiv üzrə axtarış