2018-03-15

“Arşın mal alan” filmi fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb VİDEO

Parisdə xarici ölkələrin filmlər həftəsi çərçivəsində “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası “Le Balzac” kinoteatrında nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişi Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun (FİCEP) birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə bu ölkədəki səfirimiz Rəhman Mustafayev bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun tarixindən danışaraq, ölkəmizdə ilk filmin 1898-ci ildə fransız əsilli Aleksandr Mişon tərəfindən çəkildiyini bildirib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından söz açan diplomat, onun operettası əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filminin dünyanın müxtəlif dillərə tərcümə edilərək bir çox ölkələrdə uğurla nümayiş olunduğunu diqqətə çatdırıb. “Arşın mal alan” operettasının zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirib.

Kino tarixçisi, kinoglaz.fr portalının sədri Fransuaz Navailh Azərbaycan kinosunun tarixi haqqında ətraflı məlumat verib.

Film fransalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Səfirliyin mədəniyyət işləri üzrə əməkdaşı Günay Axundovanın “Arşın mal alan” filmi, bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və Azərbaycan kinematoqrafiyası haqqında fransız dilində hazırladığı məlumat tamaşaçılara təqdim olunub.

Filmin nümayişindən sonra Ceyhun Hacibəylinin Fransada yaşamış oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe film barədə təəssüratlarını bölüşüb: “Filmə dəfələrlə baxmışam, bu dəfə kino zalında böyük ekranda yeni, rəngli versiyada tamaşa etdim. Filmin musiqisini çox sevirəm, dinləməkdən doymuram. Niyazinin rəhbərliyi altında orkestrin ifası möhtəşəmdir. “Arşın mal alan” operettası 1925-ci ildə Fransada nümayiş olunub. Həmin dövrün afişalarını, eləcə də qəzetlərdə və jurnallarda onunla bağlı çıxan yazıları, təqdimatları saxlayıram. Bir neçə dəfə Bakıda olmuşam, son illər onun daha da inkişaf etdiyini, çox dəyişdiyini, daha da gözəlləşdiyini eşitmişəm. Yeni Bakıya getmək, onu görmək istərdim”.

Timurçin və Paskalın oğlu Benjamin Hacıbəyli bildirib: “Mən filmi əvvəllərdə görmüşəm, ancaq bu dəfə rəngli görmək böyük məmnuniyyət idi. Filmin bərpası çox keyfiyyətli olub. Onun fransız kinoteatrında nümayiş olunması çox yaxşıdır. Bu Azərbaycanın, eləcə də onun filmlərinin tanınmasına töhfə verir”.

Əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein də filmi yüksək qiymətləndirib: “Çox bəyəndim. Sanki nağıllar aləmində idim. Filmin quruluşu, rənglər, ifalar, səslər son dərəcə gözəl idi. Filmə ilk dəfə idi baxırdım və ondan böyük həzz aldım”.

https://azertag.az/xeber/Arsin_mal_alan_filmi_fransali_tamasachilar_terefinden_maraqla_qarsilanib-1144867

Arxiv üzrə axtarış