Bakıda Frankofoniya Həftəsi günlərində 8 film nümayiş olunacaq VİDEO
Aprelin 1-dən etibarən Bakıda Frankofoniya Həftəsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, martın 28-də bu münasibətlə “Landmark”da on bir Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Media təmsilçilərinə məlumat verilib ki, aprelin 14-dək davam edəcək Frankofoniya Həftəsi on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Belə ki, Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən mədəni tədbirlər təşkil olunacaq, müxtəlif mövzulu rəsm sərgiləri açılacaq. Həmçinin Frankofoniya Həftəsi çərçivəsində 8 filmin nümayişi nəzərdə tutulur.
Qeyd edilib ki, Fransanın tanınmış musiqiçisi Pyer Dö Treqomen və xanəndə Qoçaq Əsgərovun birgə iştirakı ilə “Mugham soul” adlı konsert proqramı da təqdim olunacaq.
Xatırladaq ki, hər il dünyada qeyd edilən Frankofoniya Həftəsi fransız dilli ölkələri özündə birləşdirən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi ölkəni) bir araya gətirir.