2018-03-29

31 mart soyqırımının 100-cü ildönümü ilə əlaqədar beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar martın 29-da Bakıda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda konfransa Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, İrlandiya, Gürcüstandan tanınmış alimlər, tarixçilər qatılıblar.

Konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək konfransın məqsədinin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduğunu bildirib.

İsmayıl Axundov diqqətə çatdırıb ki, “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları və terrorçu təşkilatları bu məqsədlərini reallaşdırmaq üçün müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Bu qırğınların ən dəhşətlisi 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi.

Qeyd olunub ki, faciədən iki ay sonra qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bu soyqırımının dəhşətlərini araşdırmaq üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti respublikanın süqutundan sonra dayandırıldı və bu soyqırımına lazımi siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Dövlət Komissiyasının katibi deyib ki, ötən 20 il ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Qubada kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının və terrorçu təşkilatlarının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübut edib.

Bildirilib ki, XX əsrin əvvəllərində olduğu kimi, həmin yüzilliyin sonlarında da erməni terrorçu təşkilatları, quldur dəstələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı siyasəti davam edib. Nəticədə Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal edilib, bir milyondan çox insan qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. Müasir dövrün insanlıq əleyhinə yönəlmiş dəhşətlərindən olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

İsmayıl Axundov Dövlət Komissiyasının ermənilərin törətdikləri qanlı cinayətlər və soyqırımları ilə bağlı araşdırmalar apararaq, ortaya çıxarılan faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini bildirib.

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək çıxışında beynəlxalq ictimaiyyəti soyqırımına məruz qalmaları barədə uydurma yalanlarla çaşdırmağa çalışan ermənilərin Qafqazda törədilən soyqırımların əsas səbəbkarları və iştirakçıları olduqlarını qeyd edib. Ermənistanın qurulduğu andan etibarən daim millətçi, şovinist və etnik təmizləməyə əsaslanan siyasət yürütdüyünü vurğulayan professor təəssüflə bildirib ki, bu soyqırımı və etnik təmizləmə siyasəti bu gün də davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə” mövzusunda çıxış edərək soyqırımının dəhşətlərindən danışıb, bu faciənin miqyasının öyrənilməsi ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası tərəfindən genişmiqyaslı araşdırmalar aparıldığını bildirib. Qeyd olunub ki, Cümhuriyyətin süqutundan sonra bu proses dayandırılıb. Yalnız Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına dair geniş araşdırmalar aparılıb, həqiqətlər ortaya çıxarılıb və 31 mart soyqırımına lazımi qiymət verilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də 31 mart - azərbaycanlıların soyqırımının 100 iliyi ilə əlaqədar genişmiqyaslı tədbirlərin keçirilməsi barədə Sərəncam imzaladığını, müvafiq Tədbirlər Planının hazırlandığını bildirib. O, ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, xalqımıza aid qədim tarixi-mədəni abidələrin də məhv edildiyini vurğulayıb. Bildirib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və buradakı 5 mindən artıq erməni dilində əlyazma və kitab Azərbaycan dövləti tərəfindən mühafizə olunur.

Açılış çıxışlarından sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Professor Kamal Çiçəyin moderatorluğu ilə keçirilən birinci bölmə iclasında çıxış edən irlandiyalı professor Patrik Frensis-Volş “Britaniyanın siyasəti və 1918-ci il mart soyqırımı” mövzusunda məruzəsində Birinci Dünya müharibəsində Qafqazdakı maraqlarını həyata keçirmək, Almaniyanın və Osmanlı imperiyasının bu bölgədə möhkəmlənməsinin qarşısını almaq üçün ermənilərdən geniş istifadə etməyə çalışan Britaniyanın erməniləri gizli şəkildə dəstəklədiyini və maliyyələşdirdiyini bildirib. Qeyd edib ki, Britaniya bu dəstəyi bölgənin digər xalqlarından və dünya ictimaiyyətindən gizlətməyə çalışsa da, ermənilər tam əksinə hərəkət edirdilər. Britaniyalılar inanırdılar ki, Qafqazın qapısını onların üzünə açmaq və Osmanlının Azərbaycandakı irəliləyişinin qarşısını almaq üçün ermənilərə etibar etmək olar. Britaniya bunun müqabilində ermənilərin Qafqazda törətdikləri soyqırımı və cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmaması üçün müəyyən sanksiyalar tətbiq etməyə çalışırdı.

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart hadisələri: Bakının müsəlman əhalisi erməni əsirliyində (Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında)” mövzusunda məruzəsində bildirib ki, Rusiya imperiyasının süqutundan sonra müstəqillik üçün yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan, Gürcüstan və Ermənistan istiqlaliyyətlərini bəyan etdilər. Lakin Ermənistan müstəqilliyin ilk günlərindən qonşu respublikalara, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. “Böyük Ermənistan” iddialarını həyata keçirməyə çalışan erməni daşnakları və terrorçu təşkilatları azərbaycanlıların güclü sosial bazasını sarsıtmaq üçün bolşeviklərlə birlikdə Bakıda və digər bölgələrimizdə qanlı qırğınlar törədərək on minlərlə günahsız insanı qətlə yetirdilər. Həmin günlərdə azərbaycanlıların 400 milyon rubl məbləğində əmlakı qarət edildi. Kütləvi qarətlər Bakının müsəlman əhalisi arasında aclığa və müxtəlif xəstəliklərin yayılmasına səbəb oldu. Yalnız 1918-ci ilin sentyabrında Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsindən sonra azərbaycanlılar təhlükədən xilas oldular.

Rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov “1918-ci il fevral-mart aylarında Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğınlarının siyasi-hüquqi təsnifatı” adlı məruzəsində 1918-ci ildə azərbaycanlılara qarşı törədilən cinayətlərin hədsiz dərəcədə qəddarlıqla törədildiyini deyib. Bildirib ki, bu hadisələr yalnız siyasi və ya tarixi deyil, həm də hüquqi cəhətdən qiymətləndirilməlidir. Çünki bununla 1918-ci ilin yazında və qışında Azərbaycanda baş verən hadisələrin xarakterini, onlara hansı hüquqi termini tətbiq etməyi müəyyənləşdirmək olar.

O.Kuznetsov 1917-ci il dekabrın 27-də bolşevik hökumətinin qəbul etdiyi “Türkiyə Ermənistanı haqqında” dekretdən sonra bolşeviklərin daşnaklarla sıx əməkdaşlıq etməyə başladıqlarını bildirib. Diqqətə çatdırıb ki, bu dekret həm də “Qızıl ordu”ya verilən bütün hüquqi və digər üstünlüklərin daşnaklara da aid olmasını təsbit etmişdi. Bolşeviklər və daşnaklar birlikdə Bakıya qarşı hərəkətə keçərkən Rusiyada türk və müsəlman birliyinin parçalanması siyasəti aparılırdı. Xüsusən 1918-ci ilin yanvarında müsəlman qurultayı və onun qurumları ləğv edildi.

Rusiyalı mütəxəssis deyib ki, 1918-ci ildə Azərbaycan ərazisində baş verən qırğınlar o vaxtkı sovet Rusiyasının dövlət siyasətinin tərkib hissəsi idi. Bolşeviklər bu hadisələrin təşkilatçıları idilər. Belə olduğu halda 1918-ci ilin fevralında və martındakı qırğınların soyqırımı cinayəti olduğunu demək mümkündür. Ona görə də Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün təsis olunması haqqında imzaladığı Fərman çox böyük əhəmiyyət daşıyır. Bu, siyasi qərardan daha çox, hüquqi əsasa malik sənəddir. Buna görə Rusiya elmi-ictimai dairələrinin 1918-ci ildə azərbaycanlıların soyqırımını tanıması onların mənəvi borcudur.

Türkiyəli tanınmış tarixçi alim Mehmet Bora Perinçek “Daşnaklar iki erməni bolşevikinin gözü ilə” adlı məruzəsində daşnakların cinayətkar əməllərinin, dindən öz siyasi məqsədləri naminə istifadə etmələrinin bəzi erməni dairələri tərəfindən narazılıqla qarşılandığını vurğulayıb. Diqqətə çatdırıb ki, erməni bolşeviklər Suren Spandaryan və erməni inqilabi ədəbiyyatının banilərindən olan Hakob Hakopyan Daşnaksütyun partiyasının təcavüzkar siyasətini sərt tənqid edirdilər. Suren Spandaryan 1906-cı ildə dərc etdirdiyi məqaləsində daşnakları erməni cəmiyyətinin parazitləri adlandırırdı. Həmçinin bildirirdi ki, daşnaklar öz məqsədlərini həyata keçirmək üçün heç bir zorakılıq əməlindən çəkinmirlər.

Rusiyalı professor Valeri Stepanov “Bakı nefti Rusiyada vətəndaş müharibəsi amili kimi. 1918-1920-ci illər (Cənubi Qafqaz nümunəsində)” adlı məruzəsində bildirib ki, XX əsrin əvvəllərində dünyada neft hasilatının yarısını təmin edən Bakı mühüm sənaye mərkəzlərindən birinə çevrilmişdi. Bakının ələ keçirilməsi uğrunda bolşeviklərlə Almaniya arasında əldə edilən razılaşmaya görə, bolşeviklər Bakının işğalından sonra hasil olunacaq neftin 25 faizini almanlara verməyi öhdələrinə götürmüşdülər. Bu planın həyata keçirilməsinə əsas maneə “Müsavat” partiyası olduğundan onun sosial bazasını zəiflətmək üçün Bakıda bolşevik-daşnak qüvvələri tərəfindən milli zəmində qırğınlar törədildi. Sonradan Bakı komissarları, bolşeviklər və daşnaklar özləri etiraf edirdilər ki, mart soyqırımı Bakı neftinin Rusiyaya daşınmasına imkan verdi.

Valeri Stepanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra Bakı neftindən məhrum olan bolşeviklər Rusiyada əksinqilabçılarla mübarizədə qalib gəldikdən sonra Bakının ələ keçirilməsi istiqamətində müdaxiləyə başladılar. Təsadüfi deyil ki, “Qızıl ordu”nun Bakını işğal etməsi xəbəri Moskvada böyük sevinclə qarşılandı.

Fransada fəaliyyət göstərən gürcüstanlı professor Giorgi Mamulianın moderatorluğu ilə keçirilən ikinci bölmə iclasında “1916-1919-cu illərdə Qafqaz bölgəsi alman düşüncəsində “məkan” və “etnik gərginlik” anlayışları baxımından” mövzusunda məruzə ilə çıxış edən professor Dirk Günter Rits (Almaniya) qeyd edib ki, XIX əsrin sonlarından XX əsrin 40-cı illərinədək Almaniyanın Britaniyanın müstəmləkəsi olan Hindistana və Yaxın Şərqə irəliləməsi yolunda Qafqaza, xüsusilə Azərbaycana mühüm körpü kimi baxırdı. Birinci Dünya müharibəsində Almaniyanın Qafqaz bölgəsinə marağının önəmli dərəcədə artdığını qeyd edən professor Rusiyada bolşevik inqilabından sonra bölgədə vəziyyətin ciddi şəkildə dəyişdiyini bildirib. Diqqətə çatdırıb ki, Qafqazda pantürkizmin və Osmanlı imperiyasının təsirinin geniş yayılmasından narahat olan Almaniyanın Rusiya ilə Brest-Litovsk müqaviləsi imzalaması Türkiyənin ciddi narazılığına səbəb oldu. Almaniya Qafqaza müəyyən hərbi birliklər, missiyalar göndərsə də, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakını ələ keçirməsi Almaniyanın Qafqazdakı planlarını boşa çıxardı.

Professor Giorgi Mamulia “Erməni məsələsi və Paris sülh konfransında Cənubi və Şimali Qafqaz diplomatik nümayəndə heyətlərinin əməkdaşlıq problemləri” adlı məruzəsində Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun vahid Qafqaz nümayəndə heyətinin yaradılması və onun üzvlərinin eyni mövqedən çıxış etməsi ideyasının əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, istər Qafqazda, istərsə də digər ölkələrdəki ermənilər vahid Qafqaz mövqeyindən çıxış etməkdən boyun qaçırdılar. Parisə daha tez çatan erməni nümayəndə heyətinin dərhal danışıqlara başlayaraq, öz maraqları əsasında geniş təbliğat aparmaları Paris sülh konfransında Cənubi və Şimali Qafqaz nümayəndə heyətlərinin əməkdaşlığı üçün ciddi maneəyə çevrildi.

Professor qeyd edib ki, Paris sülh konfransında, sonrakı dövrdə isə Cənubi Qafqazda ermənilərin öz milli maraqlarını əsas alaraq regional əməkdaşlığa ciddi maneə yaratmalarından istifadə edən bolşeviklərin müdaxiləsi ilə hər üç respublika süqut etdi.

Gürcüstanlı professor Otar Canelidze “Cənubi Qafqazda gürcü-erməni münasibətləri tarixindən. 1918-1920-ci illər” adlı məruzəsində 1918-ci ildə ingilislərin Qafqaza daxil olmasını böyük sevinclə qarşılayan ermənilərin Azərbaycan ilə yanaşı, Gürcüstana da ərazi iddiaları ilə çıxış etdiklərini bildirib. Qeyd edib ki, Ermənistanın hərbi əməliyyatlara başlaması ilə əlaqədar Gürcüstanda aparılan hərbi hazırlığa azərbaycanlılar da fəal dəstək verirdilər. Gürcü kəndlərində dinc əhalini qətlə yetirən ermənilər özlərinin qırğına məruz qaldıqlarını bəyan etməyə çalışırdılar. Gürcüstan ordusunun üstünlüyü ələ almasından sonra müqavilə imzalansa da, hər iki respublika arasında soyuqluq davam edirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova “Cənubi Qafqazda 1918-ci il müsəlman qətliamlarının ictimai fikrə və siyasi-hərbi proseslərə təsiri” adlı məruzəsində bildirib ki, “böyük Ermənistan” iddialarını gerçəkləşdirməyə çalışan ermənilərin Bakıda cəmləşdirilməsinə və onların cəbhədən qayıdan ordunun silah-sursatı ilə silahlandırılmasına bolşeviklər fəal dəstək verirdilər. Bu da daşnakların Bakıda kifayət qədər güclü hərbi potensiala malik olması ilə nəticələndi. Bundan başqa, bolşeviklərin hərbi qüvvələrinin tərkibində də erməni silahlı dəstələri var idi. Bununla da, 1918-ci ilin mart qırğınları ərəfəsində daşnak-bolşevik qüvvələri açıq-aşkar üstün qüvvələrə sahib idilər. Həm bolşeviklər, həm də daşnaklar müsəlmanların muxtariyyətinə qarşı eyni mövqedən çıxış etdiklərindən mart qırğınlarında qüvvələrini birləşdirdilər. Tarixçi alim deyib ki, mart qırğınlarından sonra müsəlman ictimai fikrində antibolşevik və antidaşnak istiqaməti daha da gücləndi.

Rusiyalı professor Boris Xarsiyev “1917-1920-ci illər bölgədəki siyasi-hərbi münaqişələr fonunda Şimali Qafqaz və Azərbaycan xalqlarının qarşılıqlı münasibətləri” adlı məruzəsində 1918-1920-ci illərdə Stepan Şaumyanın bilavasitə rəhbərliyi ilə bolşeviklər və daşnaklar tərəfindən Azərbaycanın bütün ərazilərində genişmiqyaslı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bolşeviklər bu qırğınlarla yerli əhalini qorxutmağa, daşnaklar isə “böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün azərbaycanlıları məhv etməyə çalışırdılar. Bu qırğınlar azərbaycanlıların sırf etnik mənsubiyyətinə görə törədilirdi.

Professor Boris Xarsiyev deyib ki, həmin dövrdə qırğınların miqyasının böyük olmasına azərbaycanlı kommunistlərin loyallığı da təsir göstərdi.

Beynəlxalq elmi konfransın professor Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçirilən üçüncü - sonuncu bölmə iclasında “Amerikanın arxiv sənədlərində Qafqazda türk-erməni münaqişəsi – 1918-1920-ci illər” mövzusunda məruzə ilə çıxış edən tanınmış tədqiqatçı alim, professor Kamal Çiçək bildirib ki, 1917-ci ildə bolşevik inqilabı ilə əlaqədar Rusiyanın Birinci Dünya müharibəsindən çəkilməsindən sonra Antantanın tərkibində müharibəyə qoşulan ABŞ bu addımını xristian erməniləri müsəlmanların təzyiqindən qorumaq pərdəsi altında həyata keçirməyə çalışırdı. Bölgə ilə bağlı kifayət qədər məlumatlı olmayan ABŞ-ın bunun üçün Şərqi Anadoluya və Qafqaza göndərdiyi missioner qruplar əsasən ermənilərlə sıx əməkdaşlıq etməyə başladılar.

Türkiyəli professor ABŞ arxivlərində bölgədəki müsəlman-türk əhalisinin sayı ilə bağlı məlumatların daha dəqiq əks olunduğunu bildirib. O, həmçinin ABŞ arxivlərində ermənilərin törətdikləri qətliamlarla bağlı sənədlərin əksər hissəsinin yox edildiyini diqqətə çatdırıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əfşan Əliyeva “İran mənbələri 1918-ci ildə İran Azərbaycanının müsəlman əhalisinə qarşı törədilən kütləvi qırğınlar haqqında: icraçılar və səbəblər” adlı məruzəsində Cənubi Azərbaycanda ermənilərin daha əvvəl soyqırımlar törətməyə başladıqlarını bildirib. Qeyd edib ki, təkcə 1918-ci ilin yanvar-iyun aylarında Cənubi Azərbaycanda birləşmiş erməni-aysor və ciloların silahlı dəstələri tərəfindən törədilən qanlı qırğınlar nəticəsində 200 mindən çox günahsız insan qətlə yetirilib. Əfşan Əliyevə deyib ki, Azərbaycandan fərqli olaraq, İranda ermənilərin törətdikləri soyqırımlar kifayət ətraflı araşdırılmayıb. Cənubi Azərbaycandakı qətliamlar barədə məlumatlar əsasən ayrı-ayrı şəxslərin xatirələrindən ibarət olduğundan bu qanlı qırğınlar barədə əsas faktlar hələ də dəqiq araşdırılmayıb.

Tədqiqatçı-politoloq Əli Hacızadə “Antanta dövlətlərinin Şərqi Anadoluda Ermənistan yaratmaq avantürasının Cənubi Qafqaz üçün nəticələri” adlı məruzəsində bildirib ki, Birinci Dünya müharibəsində Britaniya və Fransa Osmanlı imperiyasının ərazisində kürd və erməni dövlətlərindən ibarət bufer zonaların yaradılması ilə həm Türkiyənin yenidən dirçəlməsinin, həm də kommunizm təhlükəsizliyinin qarşısını almağı planlaşdırırdılar. Ermənilər Şərqi Anadoluda qurulacaq erməni dövləti üçün maneə olaraq gördükləri türk-müsəlman əhalinin sayını azaltmaq üçün kütləvi qırğın və qətliamlar həyata keçirməyə başladılar.

Amerikalı professor Nik Allen Uarndorf “Osmanlı imperiyasında qeyri-ənənəvi müharibə - Birinci Dünya müharibəsi və onun müasir dövrdə təsirləri” mövzusunda məruzəsində qeyri-ənənəvi müharibələrin ciddi fəsadlarından danışıb. Bildirib ki, belə müharibələr super dövlətlər üçün ciddi təhlükə yaradır. Qeyri-ənənəvi müharibələrin iştirakçıları dinc əhali arasında gizləndiklərindən belə vəziyyətdə döyüşən tərəfləri, qiyamçıları dinc əhalidən ayırmaq mürəkkəb prosesə çevrilir. Məhz Birinci Dünya müharibəsində türklərin vəziyyəti olduqca mürəkkəb idi. Çünki bir neçə cəbhədə döyüşən türklər ölkə daxilində erməni silahlı dəstələri ilə mübarizə aparmalı olmuşdular. Bu prosesdə qiyamçıların dinc əhalidən ayrılaraq müəyyənləşdirilməsi xeyli çətin prosesə çevrilmişdi.

Amerikalı professor deyib ki, müasir dövrdə qeyri-ənənəvi müharibə metodlarından istifadə edilir, kibermüharibələr aparılır, ən müasir vasitələrin tətbiqi ilə gənclər münaqişələrə cəlb olunur.

Məruzələr ətrafında müzakirələrdə Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Avrasiya Universitetinin professoru Məmməd Cəfərli, Azərbaycan Prezidentinin işlər idarəsinin siyasi sənədlər arxivinin elmi katibi Həcər Verdiyeva, Bakı Dövlət Universitetində Erməni Araşdırmaları Elmi Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi və digərləri ermənilərin Qafqazda və Şərqi Anadoluda törətdikləri qanlı qırğınların, eləcə də Ermənistanın hələ də davam edən işğalçılıq və etnik təmizləmə siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində belə konfransların önəmini yüksək qiymətləndiriblər.

Beynəlxalq elmi konfransın bağlanışında çıxış edən İsmayıl Axundov əhatəli, dərin məzmunlu elmi məruzələrə və fikirlərə görə iştirakçılara minnətdarlığını bildirib. Bildirib ki, konfransda alim və mütəxəssislərin səsləndirdikləri fikirlər tarixi hadisələrin obyektiv tədqiqatının zəruriliyini və bəşəriyyətə əsl həqiqətin çatdırılmasının vacib elmi və ictimai vəzifə olduğunu bir daha sübut edir.

Obyektiv araşdırmaların aparılması üçün arxivlərin tədqiqatçılar üçün açılmasının vacibliyini qeyd edən Dövlət Komissiyasının katibi deyib: “Türkiyə ölkə rəhbəri səviyyəsində tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını və XX əsrin əvvəllərində baş vermiş hadisələrin obyektiv araşdırılmasını təklif etsə də, Ermənistanın hazırkı cinayətkar-siyasi rejimi bundan imtina edib. Bu fakt Ermənistanın tarixi hadisələrə siyasi-ideoloji yanaşma nümayiş etdirdiyini bir daha sübut edir, onun separatçı, işğalçı və militarist mahiyyətini üzə çıxarır”.

İsmayıl Axundov konfransın təşkilində əsaslı dəstəyə görə tədbir iştirakçıları adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə minnətdarlığını bildirib.

Arxiv üzrə axtarış